“Mənim zədədən başqa digər dərdim də var” - MÜSAHİBƏ
07.03.2012 - 00:06
“Mənim zədədən başqa digər dərdim də var” - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevin klubun saytına müsahibəsi

- Bildiyimizə görə zədəlisiniz. Problem nədədir?
- Sağ ayağımın əzələsində yırtıq var və orada gematoma əmələ gəlib. İndi həkimimizin söylədiyinə görə, 3-4 gün gözləməliyəm ki, şiş keçsin, ondan sonra da müalicəyə başlanacaq. Məni ən azı 2 həftəlik müalicə gözləyir.

- Bu zədəni “Sumqayıt”la keçirilən oyunda almısınız?
- Yox, bu xeyli əvvəl baş verib, hələ komandamızın Türkiyədə keçirdiyi yay toplanışı zamanı. Ancaq onda zədəmi sağaltmışdım. Buna baxmayaraq, bu yaxınlarda millimizin tərkibində Dubayda keçirdiyimiz son yoldaşlıq oyunu zamanı zədə yenidən özünü büruzə verdi. Odur ki mən əslində, indi “Sumqayıt”la oyuna heç çıxmamalıydım, amma özümü yaxşı hiss edirdim və ona görə oyunda iştirak etdim. Ancaq həmin oyundan sonra ayağım yenidən şişdi. Keçdiyim müayinə də əzələmdə yırtıq olduğunu aşkar etdi.

- Həkimlər nə deyir, cərrahiyyə əməliyyatına ehtiyac var?
- Xeyr, əməliyyata heç bir ehtiyac yoxdur. Bu cür zədələrə futbolçularda tez-tez rast gəlinir. Bu, o qədər də ciddi zədə deyil və belə hallarda əməliyyat keçirilmir.

- “Xəzər Lənkəran” azarkeşlərinin sevimlisisiniz və onların bir çoxu məhz sizin seyr etmək üçün stadiona gəlir. Zədəniz haqqında xəbər isə onları şübhəsiz ki, üzəcək. Onlara nə demək istərdiniz?
- Onlara demək istəyirəm ki, narahat olmasınlar. Çalışacam zədəmi tezliklə sağaldım və mümkün qədər tez bir zamanda yaşıl meydançaya qayıdım. Amma onu da demək istəyirəm ki, azarkeşlərimiz arasında mənə təzyiq edən insanlar var. Onlar mənim haqqımda cürbəcür şayiələr yayırlar. Heç gözləməzdim ki, mənə qarşı bu qədər qərəz olsun. Bildiyiniz kimi, mənim zədəmdən başqa digər dərdim də var: atam infarkt keçirib və hazırda xəstəxanadadır, odur ki, mənim ürəyim indi onun yanındadır. Bu vəziyyətdə az futbolçu tapılar ki, oyuna normal köklənib 90 dəqiqə oynasın.

- Keçək komandanın daxilindəki mühitə. Kollektivdə vəziyyəti necə qiymətləndirərdiniz?
- Komandamızda əhval-ruhiyyə çox yüksək səviyyədədir, mehribançılıq hökm sürür. Biz həmişə çempionluğa oynayan klub olmuşuq və indi də bu məqsədimiz dəyişməz qalır. Düzdür, bildiyiniz kimi, müəyyən adamla əlaqədar bu yaxınlarda elə vəziyyət yaranmışdı ki, hamımız komandadan getməyə hazırlaşırdıq. Ancaq indi vəziyyət tam fərqlidir və biz həmişə olduğu kimi yenə də yüksək titul uğrunda vuruşmaq əzmindəyik.

- İndi yenidən qurulan komanda Avrokuboklarda uğur qazanmağa qadirdir?
- Biz hələlik daxili çempionatı düşünürük. Avrokuboklara hələ vaxt var. İlk növbədə çempionluğu qazanmalıyıq.