Təşəkkürlər, “12cioyuncu”!
07.03.2012 - 01:42
Təşəkkürlər, “12cioyuncu”!
Bu günlərdə 5 yaşını qeyd edən “apasport”u təbrik edənlər arasında 12cioyuncu.info saytı da oldu. Ölkənin ən böyük azarkeş qrupu olan “12cioyuncu”nun rəhbəri İslam Cabbarlı da bizim üçün öz ürək sözlərini yazıb.

“Hazırda ölkəmizdə çoxlu sayda idman portalları fəaliyyət göstərir ki, yayılan məlumatın haradan götürüldüyünü gizlədərək, digərlərinin zəhmətinə hörmətsiz yanaşmaları ilə seçilirlər. İnformasiyanın eksklüzivliyini deyil, “KOPYA”lamağı özləri üçün yol seçən elektron informasiya vasitələrinin yaranmasının təməlində hansı məqsədin dayanması yəqin ki, bu tipli saytları çalışdıranların özlərinə daha yaxşı bəlli olar.

Bununla belə, Azərbaycanın idman portalları arasında xüsusi çəkisi olan “Apasport”un varlığını, idman xəbərlərinin yayılmasında düzgün fəaliyyətin etalonuna bənzətmək olar. Etiraf etmək lazımdır ki, idmanın bütün növləri ilə bağlı məlumatların etibarlılığını müəyyənləşdirmək üçün apasport.az saytını izləmək lazım gəlir. “Xəzər Lənkəran” azarkeşlərinin marağına səbəb olan məlumatların əksəriyyətini də məhz apasport.az saytı yayır.
Təbii ki, biz də 12cioyuncu.info - azarkeş saytı olaraq “Xəzər Lənkəran” azarkeşlərini sevimli komandamız barədə məlumatlarla təmin etməyə çalışırıq. Lakin saytımızın idman portalı olmadığı və “azarkeş saytı” statusu daşıdığı diqqətdən yayınmamalıdır.

Hətta “azarkeş saytı” statusunu daşıyan 12cioyuncu.info saytında biz, “Apasport”un yaydığı hər hansı məlumatdan istifadə edərkən, daim mənbəni göstərib məlumatı əldə edən informasiya vasitəsinə hörmətlə yanaşdığımızı büruzə vermişik. 12cioyuncu.info saytının çalışdığı 3 il ərzində iş mexanizminin prinsipi də belə olub:

“Biz məlumatı mənbənin özündən əldə edirik, digər informasiya vasitəsinin məlumatından istifadə etdikdə isə mənbəni gizlətmirik”.

Ümumiyyətlə son illər ərzində “Apasport”un digər informasiya vasitələri üçün məlumat bazası rolunda çıxış edərək, ölkə idmanını işıqlandıran internet saytları arasında ilk yerdə qərarlaşmasını qeyd etməliyik. Məlumatların ötürülməsində operativliyi və eksklüzivliyi ilə hələlik “Apasport” bu birinciliyini özündə qoruyub saxlayır.

Bu arada martın 5-də “Apasport”un yaranmasının 5 illiyi qeyd olunur. Bu münasibətlə 12cioyuncu.info adından ölkənin ən böyük idman saytının kollektivini təbrik edir, işlərində uğurlar və “Apasport”a daim birinci olmağı arzulayırıq”.