Legionerlər ofsaydda qaldılar
07.03.2012 - 15:07
Legionerlər ofsaydda qaldılar
Azərbaycan futzal yığmasının əsas qapıçısı Andrey Tveryankin Türkiyəyə aparılmır. Apasport.az saytının məlumatına görə, vətənində KPRF klubunda oynayan milliləşdirilən rusiyalı legioner komandamızın martın 15 və 16-da Türkiyə ilə İstanbulda keçirəcəyi yoldaşlıq görüşlərinə çağırılmayacaq.

Bu da onun dünya çempionatının pley-off mərhələsində ruslarla martın 27-də, Bakıda keçiriləcək rəsmi oyunu buraxması ilə bağlıdır. Tveryankin Avropa çempionatının final mərhələsində serblərlə qarşılaşmada 2 sarı vərəqə aldığı üçün meydandan çıxarıldığından, UEFA-nın 1 oyunluq cəzasına məruz qalıb. Andreyin əvəzinə yerli qapıçılar – millimizin kapitanı Marat Salyanski ilə Elnur Zamanov dəvət alacaq.

Azərbaycanda kənarda çıxış edən legionerlərdən - Serjao ilə Tyaqu Alveş isə millimizin sıralarına qoşula biləcəklər. Belə ki, milliləşdirilən braziliyalı legionerlərin “Araz”dan ayrıldıqdan sonra çıxış etdikləri Ukrayna və Qətər çempionatında martın 10-12-də fasilə yaranacaq. Buna görə də klubları onları yığmaya buraxmaqda problem yaratmayacaq.

Digər milliləşdirilən braziliyalı, vətənində oynayan Alvesin də Türkiyə ilə yoldaşlıq görüşlərində iştirakı nəzərdə tutulub. Yalnız Biro Jadenin problemi qalmaqdadır. Belə ki, Serjao ilə birgə vaxtilə “Araz”da, indi isə “Uraqan”da oynayan millimizin lideri ağır zədədən sonra bərpa prosesi keçir. Bu üzdən Bironun ruslarla matçda iştirakı real görünmür.

Qeyd edək ki, martın 9-da bir araya gələcək millimiz 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək.