Fatih Kavlak məğlubiyyətə don geyindirdi
07.03.2012 - 16:33
Fatih Kavlak məğlubiyyətə don geyindirdi
“Kəpəz”lə oyunun çətin olacağını bilirdik. Həqiqətən belə də oldu və 2:3 hesabı ilə uduzduq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib. Türkiyəli çalışdırıcının rəhbərlik etdiyi komanda Premyer Liqanın təsnifat mərhələsini məğlubiyyətdə başa vurdu.

Kavlak məğlubiyyətdə əsas səbəb kimi səfər matçının böyük hissəsini azlıqda keçirməyi görür: “Hesabı biz açsaq da, qoldan az sonra 10 nəfərlə qaldıq. Deon Barton 1 dəqiqə ərzində 2 sarı vərəqə aldı. Bu, əvvəl qayda pozuntusuna, sonra isə ona etiraz etdiyinə görə idi. Səfər matçında artıq ilk hissədə azlıqda qalmaq işimizi çətinləşdirdi. Rəqib də bundan həvəslə istifadə edərək, irəli atıldı və onun qarşısına ala bilmədik. Nəticədə “Kəpəz” oyunu öz axarına uyğun dəyişdirə bildi”.

“Qəbələ”nin çalışdırıcısının fikrincə, qısa müddətdə toparlanmağa çalışacaqlar: “Uduzmaq xoş deyil və ruh düşkünlüyü yaranır. Fərqi yoxdur, bu, hansı oyunda alınıb – “altılığ”ın əvvəlində, yoxsa sonunda. Xətalarımızı təhlil edib, bundan nəticə çıxardacağıq. Ruh düşkünlüyünü aradan qaldırıb, “altılıq”da uğurlu çıxış etməyə çalışacağıq”.