“Yenə danışmaq istəmirdim, amma məni məcbur etdiniz”
09.03.2012 - 12:05
“Yenə danışmaq istəmirdim, amma məni məcbur etdiniz”
“Təbii ki, hər qapıçı tarixə düşmək istəyir. İstənilən qapıçının vəzifəsi ilk növbədə qol buraxmamaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun qapıçısı Boyan Pavloviç deyib.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünya qapıçılarının milli çempionatlardakı ən uzun quru seriyalarını əks etdirən siyahısına düşmək üçün lazım olan 660 dəqiqə normativini yerinə yetirən serbiyalı klubunun rəsmi saytına açıqlama verib.

Artıq seriyasını “722”yə çatdıran qolkiper 660-a çatana qədər verdiyi susmaq qərarına son qoyub: “Fərqlənmək üçün 660 dəqiqəyə ehtiyacım olduğunu bilirdim. Hələ qış fasiləsinə qədər 4 “quru oyun”um var idi. Mənə tez-tez rekord haqqında xatırladırdılar. Qarşıma belə konkret hədəf qoymamışdım. Hətta bu haqda danışanda belə fikri yayındırmağa çalışırdım. Matçlar ötdükcə artıq əsas gündəm bu oldu. Düzdür, yenə danışmaq istəmirdim, amma məni məcbur etdiniz”.

Pavloviçin deyib ki, qol buraxmamağında müdafiənin böyük rolu var: “Arxa xətt olduqca güclüdür. Milli komandalarının futbolçularıdır. Onlar dəstəyini qeyd etməliyəm. Həm komanda, həm də mənim üçün oynadılar. Hətta sonuncu matçda topu boş qapıdan da çıxardılar. Təbii ki, qol buraxmadıqda həm mənə, həm də qapıçıya özünə inam yaranır. İndi kuboku da nəzərə alsaq 9 oyundur qol buraxmırıq. Bu 9 oyunda ən çətin işim “Qəbələ”ylə oldu. Qarşıda bizi final mərhələsinin oyunları gözləyir. Bilirəm ki, “toxunulmaz” qalmaq çətin olacaq. Amma “Qarabağ”ın qələbə qazanması daha vacibdir”.