Berti Foqtsun AFFA-ya təklifi
09.03.2012 - 14:49
Berti Foqtsun AFFA-ya təklifi
“Azərbaycan futbolunda legioner limitinin dəyişdirilməsi aktual məsələdir. Yerli oyunçulara güvənməli, şans verilməlidir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Legioner limitinin dəyişdirilməyi ilə bağlı AFFA rəhbərliyinə, İcraiyyə Komitəsinə təkliflərini göndərdiyini deyən təcrübəli almaniyalı mütəxəssis futbolçulara ölkədən kənarda çıxış etməyi tövsiyə edib: “Ən əsası, azərbaycanlı futbolçular xarici klublarda oynamağa can atmalıdırlar. Düzdür, ilk vaxtlar çətin olacaq. Çünki fərqli ölkə, dil, mentalitet, məşq prosesi ilə qarşılaşırsan. Amma inkişaf üçün buna ehtiyac var. Bəli, bununla bağlı təkliflərimi etmişəm”.

Foqts Dubaydakı təlim-məşq toplanışına 8 gənc futbolçunu aparmağına da toxunub: “Biz nəyə görə bunu etdik? Onların beynəlxalq oyunlarda iştirak etməsinə, aradakı fərqi görmələrinə şərait yaratmaq məqsədi ilə bunu etdik. Əgər oradakı oyunların hamısında qələbə qazanmaq istəsəydim, meydana ancaq əsas heyəti buraxardım. Ancaq vəzifələrimdən biri də gənc futbolçuları üzə çıxarmaq ölkə futbolunu inkişaf etdirməkdir”.