AFFA-nın vitse-prezidentləri müəyyənləşdi
09.03.2012 - 15:28
AFFA-nın vitse-prezidentləri müəyyənləşdi
AFFA-nın vitse-prezidentləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rauf Əliyevlə Elşad Nəsirov bu gün yenidən assosiasiya prezidenti seçilən Rövnəq Abdullayevin müavinləri kimi təsdiqlənib.

Əliyev əvvəlki kimi I vitse-prezident, Nəsirov vitse-prezident olacaq. Onların hər ikisi AFFA-nın İcraiyyə Komitəsində yenidən üzv seçilib. AFFA-nın baş katibi Elxan Məmmədov isə 2007-ci ilin iyulundan yer aldığı postunda fəaliyyətini davam etdirəcək. İşi yüksək qiymətləndirilən Məmmədov prezident tərəfindən yenidən etimad qazanıb.

Qeyd edək ki, Əliyevlə Nəsirov 2003-cü ilin dekabrın sonunda Ramiz Mirzəyev AFFA-nın prezidenti seçilən vaxtdan vitse-prezidentdirlər. Onlar Abdullayev 2008-ci ilin martın 14-də AFFA-nın prezident seçiləndə vəzifələrində qalmışdılar. Nəsirov Mirzəyev 2007-ci ilin oktyabrın sonunda vəfat edəndən sonra növbədənkənar seçkilərə qədər prezident səlahiyyətlərini icra etmişdi.

Mehman SÜLEYMANOV