“Xəzər Lənkəran” və ”Qarabağ” nümayəndələri arasında görüş keçirilib
10.03.2012 - 19:44
“Xəzər Lənkəran” və ”Qarabağ” nümayəndələri arasında görüş keçirilib
Bu gün “Xəzər Lənkəran” “Qarabağ” klublarının nümayəndələri arasında görüş keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov və “Qarabağ”ın direktoru Emrah Çelikel başda olmaqla Ağdam təmsilçisinin “İmarət” fan-klubu, Lənkəran təmsilçisinin fanklubları və azarkeşləri iştirak ediblər.

Tədbirin mövzusu Premyer Liqanın ilk dövrəsində Suraxanı qəsəbə stadionunda baş tutmuş “Qarabağ” - “Xəzər-Lənkəran” oyunu zamanı baş vermiş xoşagəlməz hadisələrinin aydınlaşdırılmasıyla yanaşı iki yaxın klubun azarkeşləri arasında dostluq körpüsünün yaradılması idi. “Qarabağ”ın direktoru Emrah Çelikel futbolun idmanın şahı olduğunu bildirərək bu oyunun insanları birləşdirən dəyər olduğunu söylədi. Suraxanıda baş tutmuş oyunda baş verənlərin təsadüf olduğunu, 2 böyük camiə azarkeşlərinin nümunə olması gərəkdiyini vurğuladı. “İmarət” fan klubunun ictimai fəallığının örnək olduğunu, bu görüşün baş tutmasının onların tolerant mövqeyi ilə əlaqələndirən baş direktor Ağdamda azarkeşlərin “Xəzər Lənkəran”ı ən gözəl şəkildə qarşılayacaqlarına inandığını bildirdi.

“Xəzər-Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov ölkənin iki ən böyük azarkeş camiəsinə malik klubların meydanda rəqib , kənarda isə qardaş olduğunu vurğuladı. Ən maraqlı futbol mücadilələrinin məhz bu komandalar arasındakı oyunlara aid olduğunu bildirdi. Baş vermiş hadisənin səbəbkarını qınadığını diqqətə çatdıran vitse-prezident bu üzücü olayın unudulmasına və daha böyük dostluğun yaranmasına şəraitin olduğunu vurğuladı.

Ardınca azarkeşlər də çıxış etdi. Hər iki klubun azarkeşləri baş verən hadisəni pisləyərək stadionda təxribat yaradan, öz millətinə qarşı etik olmayan hərəkət edənlərin əsl azarkeş olmadığını bildirdi. “Qarabağ” və “Xəzər Lənkəran”ın Azərbaycan futbolu üçün böyük işlər gördüyü vurğulandı. Səmimi söhbət şəraitində keçən görüşdə tərəflər meydanda rəqib olub, meydandan kənarda isə daha sıx dostluq edib, ictimai-sosial əməkdaşlıqla bağlı razılığa gəldilər.