“Yeni baş məşqçi cari mövsümdə maksimal nəticə göstərməlidir”
12.03.2012 - 11:16
“Yeni baş məşqçi cari mövsümdə maksimal nəticə göstərməlidir”
“Yeni baş məşqçi təyinatını artıq rəsmiləşdirdik. Gürcü çalışdırıcı Georgi Çixradze ilə 1,5 illik müqavilə imzalamışıq. O, bu gün komandanı ilk məşqə çıxaracaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq”un icraçı-direktoru Vaqif Əliyev deyib.

Zaqatala təmsilçisi ötən yay baş məşqçi postuna gətirdiyi rusiyalı Sergey Yuranın istefasını reallaşdırandan az sonra yeni təyinatını gerçəkləşdirdi. Belə ki, “İnter”in gürcü məşqçisi Georgi Çixradze bundan sonra “Simurq”a rəhbərlik edəcək.

Əliyevin sözlərinə görə, 45 yaşlı Çixradze yeganə namizəd olmayıb: “Baş məşqçi postuna 4-5 namizəd vardı. Bunlar arasında həm yerli, həm də əcnəbi mütəxəssis yer almışdı. Ancaq rəhbərlik sonda Çixradzeyə üstünlük verdi. Hər halda, artıq 3-cü ildir ölkəmizdə çalışır, Azərbaycan futboluna yaxşı bələddir. Onun köməkçiləri kimi öz məşqçilərimiz İqor Getmanla Emil Balayev vəzifələrində qalır. Yeni çalışdırıcının gəlişindən sonra hansısa futbolçunun çıxarılmağı nəzərdə tutulmayıb. Məlum olduğu kimi, hazırda “transfer pəncərəsi” bağlıdır. Ola bilsin ki, hansısa sərbəst futbolçu olarsa, onu komandamıza cəlb etdik. Ancaq bunu zaman göstərəcək”.

Zaqatalılar yeni çalışdırıcının “İnter”lə müqaviləsi olduğundan, məsələ klub rəhbərliyi səviyyəsində həll olunub. İcraçı-direktor gürcü mütəxəssisin qarşısında duran vəzifə haqda danışıb: “Çixradzenin cari mövsümdə qarşısında duran vəzifə maksimal nəticəni göstərməkdir ki, bu da çempionatda 7-ci yeri tutmaqdır. Ancaq növbəti mövsümdə vəzifəsi yüksək yerlər uğrunda mübarizə aparan iddialı komanda yaratmaq olacaq. Hesab edirəm ki, yeni baş məşqçimiz işinin öhdəsindən yüksək səviyyədə gələcək. O, ciddi insandır, nizam-intizamı sevir. Fikrimcə, yeni təyinatın müsbət nəticəsini görəcəyik. Bunun söz xatirinə demirəm. Gürcü çalışdırıcıya böyük inamımız var”.

Qeyd edək ki, 2009-cu ilin yayında həmyerlisi Kaxaber Sxadadzenin “İnter”in baş məşqçisi təyin olunandan sonra onun dəvəti ilə ölkəmizə gələn Çixradze debüt mövsümündə Azərbaycan çempionu olub.

Mehman SÜLEYMANOV