Vüqar Nadirov: “Xəzər Lənkəran”ı kollektiv oyun hesabına yendik
12.03.2012 - 14:47
Vüqar Nadirov: “Xəzər Lənkəran”ı kollektiv oyun hesabına yendik
“Əsas mərhələdən fərqli, “altılıq” oyunları çətin və ağır keçir. “Xəzər Lənkəran”la oyun da həmin qarşılaşmalardan biri idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Vüqar Nadirov deyib.

Premyer Liqanın XXIII turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşan “Qarabağ” Georgi Adamiyanın vurduğu yeganə qolla matçı qalib tərk edib. Amma qolun vurulmasında gürcü futbolçu ilə yanaşı, Nadirovun da zəhməti az olmayıb.

Belə ki, məhz onun ötürməsindən sonra Adamiya qapıçı ilə təkbətək qaldı. Bununla, ilk “altılıq” oyunlarına qələbə ilə start verən Ağdam təmsilçisinin üzvi qələbənin sirrini açıqlayıb: “Var gücümüzü ortaya qoyduq. Fikrimcə, kollektiv oyunun hesabına “Xəzər Lənkəran”ı yendik. Çalışdıq ki, itkilərin yoxluğunu hiss etdirməyək”.

2 gün sonra kubok oyununa çıxacaq əyalət təmsilçisi üçün çempionat və ya kubok matçı deyə bölgü yoxdur: “Bizim üçün vacib olan qələbədir. Kubok və ya Premyer Liqa bölgüsü yoxdur. 5 ev oyunundan sonra “Qarabağ” bu dəfə səfərə çıxacaq. “Qəbələ” həqiqətən də ciddi rəqibdir. Necə olacağını oyun göstərəcək. Amma biz qələbə qazanıb, mərhələ adlamağa çalışacağıq”.