“Çempionluq şansımız artdı”
12.03.2012 - 17:13
“Çempionluq şansımız artdı”
“Qarabağ” klubunun gürcüstanlı legioneri Georgi Adamiyanın apasport.az saytına müsahibəsi

- Komandanız ötən tur “Xəzər Lənkəran”la oyunda vacib qələbə qazandı. Qələbə topunu müəllifi kimi, sizi matçın əsas qəhrəmanlarından saymaq olar...
- “Xəzər Lənkəran” da daxil olmaqla, ilk “altılıq”da olan komandalarla oynamaq çətindir. İndi hamı qarşılaşmalara tam başqa cür yanaşır. Şadam ki, “altılığ”a qələbə ilə start verdik. Bizə 3 xal çox vacib idi. İstərdim ki, həlledici mərhələdə hər turda qalib gələk.

- Bu qələbədən sonra çempionluq uğrunda mübarizə gərginləşdi. Artıq xal sayında “Xəzər Lənkəran” çataraq, hətta şəxsi göstəricidə cənub təmsilçisini qabaqlayırsınız...
- “Altılıq”da maraqlı odur ki, demək olar hər komanda xal itirir, kimsə turnir cədvəlində yuxarı qalxır, kimsə aşağı düşür. Yəni, belə yerdəyişmələr hələ olacaq. Mübarizə daha da maraqlı məcraya çevrilib. 1 oyunla hələ heç nə demək olmaz. Qarşıda hələ 9 tur var.

- Lider “Neftçi”nin bu turda uduzması komandanız üçün sərfəli oldu. O mənada ki, hazırda liderdən cəmi 5 xal geri qalırsınız. 9 tura isə bunu aradan qaldırmaq mümkündür...
- Doğrudur, xal fərqi azalıb. Ancaq hər halda, 5 xal da az fərq deyil. Bununla belə, liderə çatmağın qeyri-mümkün olduğunu düşünmürəm. “Altılıq”da hələ çox şey dəyişəcək.

- Yeri gəlmişkən, “Neftçi”nin Qəbələdə böyük hesabla uduzacağını gözləyirdiniz?
- Yox. 1:4 hesabı ilə uduzacağını fikirləşmirdim. Bir də ki, belə nəticə hər komandanın başına gəlir. Bunu kiçik eniş saymaq olar. “Neftçi”nin belə uduzması, hələ heç nə demək deyil.

- Mövsüm ərzində komandanızda da qeyri-sabit çıxış olur. Ancaq indi “Qarabağ” qələbə seriyası qırılan “Neftçi”nin bu göstəricidə rekordunu davam etdirir. Artıq dalbadal 5 oyundur meydanı qalib tərk edirsiniz, qol buraxmırsınız. Belə yüksəlişi nə ilə izah edərdiniz?
- Avrokuboklarda oynayan hər komandada demək olar mövsüm öncəsi eniş yaranır. Ancaq bu il yüksəlişdəyik ki, bunu qış fasiləsində yaxşı təlim-məşq toplanışı keçməyimizlə əlaqələndirirəm. Elə alındı ki, bu il 5 oyunun hamısında qalib gəlmişik. Ancaq fikrimcə, bununla dayanmaq olmaz və daha çox irəliləmək lazımdır.

- Qarşıda “Qəbələ” ilə 2 çətin oyununuz var. Əvvəl ölkə kubokunun ilk 1/4 finalında “Qəbələ”nin qonağı olacaqsınız, ardından Premyer Liqada qəbul edəcəksiniz. Həmin matçlarda nəyə ümid edirsiniz?
- “Qəbələ” ilə sınağın bizim üçün çətin olacağını yaxşı bilirəm. Üstəlik, evdə daha yaxşı təsir bağışladığından, bizə orada asan olmayacaq.

- Siz həm kubok, həm də çempionatda sona kimi uğurlu çıxış etməyi qarşıya vəzifə qoymusunuz?
- Əlbəttə, biz buna nail olmaq istəyirik. Bizim üçün həm çempionat, kubokda nəticə vacibdir. Onlar arasında fərq qoymuruq.

- Kubokda qalib 2 oyunla müəyyənləşir. Bu mənada səfər matçında sərfəli nəticəyə, məhsuldar heç-heçəyə ümid edirsiniz?
- Hələ bu haqda söhbətimiz olmadığından, konkret cavab verə bilmərəm. Onu deyə bilərəm ki, biz səfərdə də qalib gəlmək istəyirik. Hər oyunda meydana bunun üçün çıxırıq. Çalışacağıq ki, 2 oyunun nəticəsinə görə “Qəbələ”ni yenib, yarımfinala çıxaq.

- Bir müddət öncə çempionluğunuz real görünmürdü. Ancaq yəqin ki, indi buna daha çox inanırsınız...
- Elədir. Əvvəllər, 8 xal fərqi olanda, çempionluq daha çətin görünürdü. Ancaq “Neftçi”nin uduzmağından fərq 5-ə endi. Bununla çempionluq şansımız bir az da artdı. Çempionluğa inamımız var.

- Ən azı 2-ci yerə ümid edirsiniz. Hər halda, son 2 mövsümdə 3-cü olmusunuz və bu dəfə göstəricini yaxşılaşdırmağı istəməlisiniz...
- Əgər hər oyunda qələbə istəyimizi reallaşdıra bilsək, yaxşı nəticəyə ümid edərik.

- Uğurlu çıxışınızda serbiyalı qapıçınız Boyan Pavloviçin böyük əməyi var. Belə ki, o, kuboku da nəzərə alsaq, artıq 10 oyundur qol buraxmır. Bir hücumçu kimi sizin fikriniz maraqlıdır: rəqiblərinizin Pavloviçə qol vura bilməməyi nə ilə bağlıdır?
- Boyan yaxşı qapıçıdır. Ancaq komandanızın uzun müddət qol buraxmamağında yalnız onun yox, müdafiəçilərin də böyük xidməti var. Onlar inamlı oyunu ilə rəqib hücumçulara topu sərbəst qəbul edib, qapıya zərbə vurmağa, qol vurmağa imkan vermirlər. Müdafiəçilərimiz arxada möhkəm dayanıblar və nəticədə qapıçımızın belə uğurlu çıxışı alınır. Pavloviçin nə qədərdir qol buraxmağını saymamışam, ancaq bilirəm ki, bu, xeyli müddətdir.

- “Xəzər Lənkəran”la oyundan 1 gün öncə ad gününüzü qeyd etdiniz. Bu mənada matçın sizin üçün düşərli olması lap yerinə düşdü...
- (gülür) Belə demək olar ki, özüm-özümə kiçik hədiyyə etdim.

- Bəlkə məhsuldar ötürmə verməklə, qol vurmağınıza imkan yaradan Vüqar Nadirov sizə ad günü hədiyyəsi etdi?
- Mənim üçün qol vurmağın heç bir əhəmiyyəti yoxdur. Bunu mən də vura bilərdim, komanda yoldaşım da. Əsas odur ki, komandamız qalib gəldi.

- Maraqlıdır, əvvəl ad gününüzdə, fərqlənə bilmisiniz?
- Açığı, bunu xatırlamıram. Ona görə də olduğunu dəqiq söyləyə bilmərəm. Ancaq onu bilirəm ki, ad günlərim vaxtı həmişə oyunlar düşürdü.

- Yəqin ki, indiki ad gününüzdə qolu, qələbəni çox xatırlayarsınız...
- (gülür) Elədir. Bunu xoş xatirə kimi yada salacağam.

- Ad gününüzlə bağlı sizi kimlər təbrik etdi, hədiyyə verdi?
- Komanda yoldaşlarım bilirdi ki, ad günümdür və hamısı məni təbrik etdi. Hədiyyəyə gəlincə, bu, qələbədir.

- Bu il keçirdiyiniz 5 oyundan 3-də qol vurmusunuz. Arıq çempionatda hesabınızda 6 qol var. Ötən mövsümün bombardiri titulunu qoruya biləcəkmi? Yoxsa 14 qolu olan Bahodir Nasimova çatmağı çətin sayırsınız?
- Əlbəttə, Bahodirə çatmaq çətin olacaq. Hər halda, arada böyük fərq var. Əslində, ötən mövsüm də bombardirliyə ümidim yox idi. Ancaq elə oldu ki, sonda Nasimovu qabaqladım. Mənim üçün şəxsi göstərici yox, komandanın oyunu, çıxışı daha önəmlidir.

- Milli çempionatımızda qol vuran legionerlərin bombardirlər siyahısında həmyerliniz Badri Kvaratsxeliyaya yaxınlaşmaqda davam edirsiniz. Bəs ona çatmağı real sayırsınız?
- (gülür) Bilirəm ki, yavaş-yavaş ona yaxınlaşıram. Deyəsən, çatmağıma az qalıb. Badri nə qədər qol vurub?

- 71. Sizdə isə 59 qol var. Yəni Badriyə çatmağa 12 qolunuz qalıb...
- Badriyə çatmaqla bağlı suala hələ cavab verə bilmərəm. Necə deyərlər, yaşayarıq, görərik.

Mehman SÜLEYMANOV