“Qarabağ”la oyunda qələbə qazanmalıyıq” - FOTO
13.03.2012 - 00:01
“Qarabağ”la oyunda qələbə qazanmalıyıq” - FOTO
“Əlbəttə, “Neftçi”ni məğlub etdiyimizə və “altılıq” mərhələsinə qələbə ilə başladığımıza görə sevinirik”. Bu sözləri apasport.az saytına “Qəbələ” klubunun müdafiəçisi Nodar Məmmədov deyib.

Premyer Liqanın XXIII turunda “Neftçi”ni qəbul edən “Qəbələ” sözün əsl mənasında şou göstərdi. Əsas mərhələdə son çempionu minimal hesabla məğlub edən əyalət təmsilçisi bu dəfə böyük hesablı yenilgiyə sevindi.

Rəqibini 4 dəfə cəzalandıran “Qəbələ” futbolçuları cəmi bir dəfə topu öz qapısından çıxardı. “Altılıq” mərhələsinə inamlı və parlaq qələbə ilə start verən “Qəbələ”nin müdafiəçisi real şanslardan düzgün istifadə etdiklərinə görə qələbə qazandıqlarını deyib: “Onların qoluna qədər rahat oynayırdıq. Rəqib hesab arasındakı fərqi azaltdıqdan sonra bizdə bir qədər tələskənlik yarandı. Ancaq Kamananın qolundan sonra rahatlaşdıq. Həmin matçda əziyyətimizi qarşılığını aldıq”.

Futbolçu Premyer Liqanın ən qədim klubu ilə dueldə bu nəticənin gözlənilməz olduğunu desə də, düzgün oynadıqlarını da vurğuladı: “Neftçi”nin adı, tarixi var. Ola bilsin, epizodları düzgün dəyərləndirdik, ona görə də böyük hesabla qalib gəldik. Bunu etməsəydik, bizim üçün çətin olacaqdı”.

Kubokun ¼ final mərhələsində “Qarabağ”la görüş barədə də danışan Məmmədov avrokuboklara ən kəsə yolun burdan keçdiyini deyib: “Biz hər oyunda, eləcə də, “Qarabağ”la oyunda qələbə qazanmalıyıq. Rəqibin kimliyinin fərqi yoxdu. Kimisə gücünə görə fərqləndirmirik. Avrokuboklara ən kəsə yol kuboku qazanmaqdan keçir. Bununla belə, Premyer Liqanın oyunlarına da ciddi hazırlaşırıq”.