“Xəzər Lənkəran”ın ən uzun səfəri
13.03.2012 - 11:40
“Xəzər Lənkəran”ın ən uzun səfəri
Azərbaycan Premyer Liqasının XXIII turunu da səfərdə keçirən “Xəzər Lənkəran” özü üçün qeyri-adi göstəricini rəsmiləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda ardıcıl 4-cü dəfə səfərdə meydana çıxıb.

Fevralın 21-də “Qəbələ”nin (1:2), martın 3-də “Sumqayıt”ın (3:0), 7-də “Turan”ın (1:0) qonağı olmuş “ağ-yaşıllar” bu dəfə də “Qarabağ”ın (0:1) meydanında oynadı. Sonuncu dəfə öz meydanında fevralın 15-də AZAL-la oynayan “Xəzər Lənkəran” 8 illik tarixində belə halla üzləşməmişdi. Ən pis halda, komanda ardıcıl 3 səfər matçında qüvvəsini sınamışdı. Belə hal 5 müxtəlif vaxtda yaşanıb.

Lakin bu dəfə Lənkəran təmsilçisi ardıcıl 4-cü səfər matçına çıxdı. Qarşıda isə daha 1 səfər matçı var. Belə ki, kubokun martın 14-də keçiriləcək 1/4 final mərhələsinin ilk oyunu “İnter”in meydanında keçiriləcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” növbəti dəfə evdə martın 18-də “Bakı” ilə oynayacaq.