“Kakanın Azərbaycan yığmasına çağırılması, yaxşı oyunu ilə bağlıdır”
13.03.2012 - 16:02
“Kakanın Azərbaycan yığmasına çağırılması, yaxşı oyunu ilə bağlıdır”
“Tyaqu və Alvesin bu dəfə yığmamıza çağırılmamağı baş məşqçinin seçimidir. Ola bilər ki, Joze Alesio Da Sivla hansısa səbəbdən onlara dəvət göndərməyib”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev deyib.

Milli komandamızın İstanbulda keçirəcəyi təlim-məşq toplanışı və Türkiyə yığması ilə oyunlara heyəti açıqlayan braziliyalı baş məşqçi Joze Alesio Da Sivla bu dəfə 2 həmyerlisini kənarda qoydu. Söhbət Qətər və Braziliya klublarında oynayan Tyaqu ilə Alvesdə gedir.

Xudiyevin sözlərinə görə, yığmamıza mütəmadi çağırılan həmin 2 oyunçunun sonradan dəvət ala bilərlər: “Tyaqu ilə Alvesin çıxış etdiyi çempionatlarda bu günlərdə oyunları vardı. Milli komandamız isə martın 9-da bir araya gələrək, hazırlığa başlayıb. Sabah Türkiyəyə yollanaraq, martın 17-dək orada təlim-məşq toplanışında olacaq, 2 yoldaşlıq görüşü keçirəcək. Ola bilsin ki, bu müddətdə gediş-gəlişlə bağlı sıxlıq olduğundan, həmin oyunçular çağırılmayıb. Yaxud belə qərar qəbul olunarkən, onların hazırkı formaları nəzərə alına bilər. İstənilən halda, Tyaqu ilə Alvesin Rusiya yığması ilə dünya çempionatının pley-off oyunlarına dəvət almağı mümkündür”.

AFFA rəsmisi Kaka ləqəbi ilə tanınan Rikardo Fiqueroanın çağırılmağına da toxunub. O, braziliyalının millimizdə oynamağının artıq rəsmən mümkün olduğunu söyləyib: “Rikardo artıq 4 ildə yaxındır ölkəmizdədir. Əvvəl məsləhətçi idi, sonra oynayan məşqçi oldu. 1977-ci il təvəllüdlüdür, bu il 35 yaşı tamam olur, təcrübəlidir. Ancaq onu da nəzərə alaq ki, yığmamızın aparıcı oyunçularından olan Biro Jadenin 39 yaşı var. Kakanın çağırılmağını Biro zədəli olduğundan, onun yerinə dəvət olunmağı ilə əlaqələndirmək olar. Hər halda, o, neçə vaxtdır Azərbaycan çempionatında çıxış edir və yaxşı oyunu ilə baş məşqçinin diqqətini cəlb edib. Görünür, Da Silva Türkiyəyə apardığı heyətdə həm Rikardoya, həm da daha çox yerli oyunçulara yer verib, sınamağı daha məqsədəuyğun sayıb”.

Mehman SÜLEYMANOV