Kubok həyəcanı başlayır!
13.03.2012 - 17:32
Kubok həyəcanı başlayır!
Sabah Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək. Apasport.az saytının xəbərinə görə, eyni günə salınan matçlardan yarısı paytaxtda, yarısı əyalətdə olacaq.

Sözsüz ki, mərkəzi oyun “Şəfa” stadionunda keçiriləcək. Kubokda oyun gününə yekun vuracaq matçda son finalçılar – “İnter”lə “Xəzər Lənkəran” görüşəcək. Ardıcıl 5-ci səfər matçına çıxan lənkəranlılar ötən mövsüm həlledici oyunda “bankirlər”lə 90 dəqiqədə qolsuz, əlavə vaxtda 1:1 hesablı bərabərliyə qalaraq, penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlmişdilər. İndi komandaların yolları artıq 1/4 finalda kəsişdiyindən, sonda görüşə bilməyəcəklər. “İnter”ə çətin Lənkəran səfəri öncəsi üstünlük qazanmaq üçün qol buraxmadan qalib gəlmək lazımdır. “Xəzər Lənkəran”a isə səfərdə heç-heçə, xüsusilə də qollu bərabərlik sərfəli nəticə sayılmalıdır.

Paytaxtda keçiriləcək digər oyun da az maraq kəsb etməyəcək. Məsələ ondadır ki, “İnter”lə “Xəzər Lənkəran” çempionluq uğrunda mübarizə aparırsa, “Bakı” ilə AZAL bu imkandan məhrumdur. “Təyyarəçilər” ilk “altılıq”dan kənarda qaldığından, ümumiyyətlə, belə imkana malik deyil.

“Bakı” isə mükafatlar uğrunda mübarizədə iştirak etsə də, 6-cı yeri gedir və lider “Neftçi”dən 14 xal geri qaldığından, çempion olacağı real görünmür. Bu üzdən kubokda yeganə Bakı derbisinin iştirakçıları Avroliqaya vəsiqə qazanmaq üçün əsas ümidlərini ölkə kubokuna yönəldib. Təsadüfi deyil ki, “təyyarəçilər” “altılığ”ın ilk turunda “Turan”la səfər oyununu kuboka qurban verərək, əsas futbolçularını qorudu, səfərə əvəzedici heyətini aparmağı nəticəsində böyük hesabla uduzdu.

Kubokda mübarizəyə isə əyalətdəki oyunlarla start veriləcək. Bunlardan Gəncədəki tarixi derbi, Qəbələdəki debütantların görüşüdür. İndiyə kimi Azərbaycan kubokunu ən çox qazanan komandalar olan “Kəpəz”lə “Neftçi” turnirdə 10-cu dəfə üzləşəcək. Maraqlıdır ki, milli çempionatımızda tarixi mübarizənin iştirakçısı olan klublar ötən mövsümdə də kubokda münasibətlərini ayırd etmişdi. Onda 1/8 final mərhələsi idi və qalib 1 oyunla müəyyənləşirdi. “Neftçi” həmin vaxt 3:1 hesabı ilə qalib gəldiyi Gəncədə bu dəfə ilk oyununa çıxacaq. “Kəpəz” adətən evdə inamlı təsir bağışladığından, çempiona asan olmayacaq.

“Qəbələ” ilə “Qarabağ” ilk dəfə kubokda görüşdüyündən, oyun tarixə düşəcək. Qəbələlilər çempionatda son 5 oyunda qalib gələn rəqibini qəbul edəcək. “Qəbələ”nin bu il evdə keçirdiyi oyunlarda “Xəzər Lənkəran” və “Neftçi”yə qalib gəlməyi ilə diqqət çəkdiyindən, ağdamlıları çətin sınaq gözləyir. Ancaq nəzərə alaq ki, bu, kubok oyunudur və “Qarabağ” Qəbələdə uduzsa belə, bununla iş bitmir. Çünki istənilən halda, qalib 2 həftə sonra Ağdamda cavab görüşündə müəyyənləşəcək.

Azərbaycan kuboku, ¼ final mərhələsi
İlk oyunlar
15 mart


14:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ. Böyük Əmili qəsəbə stadionu

14:00. “Kəpəz” – “Neftçi”
Gəncə. Şəhər stadionu

15:00. “Bakı” – AZAL
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

16:00. “İnter” – “Xəzər Lənkəran”
Bakı. “Şəfa” stadionu