“Bavariya” darmadağınla ÇL-nin tarixinə düşdü
14.03.2012 - 09:57
“Bavariya” darmadağınla ÇL-nin tarixinə düşdü
Almaniyanın “Bavariya” klubu Çempionlar Liqasının (ÇL) tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, İsveçrə “Bazel”ini 7:0 hesabı ilə məğlub edən Münhen təmsilçisi qitənin ən nüfuzlu klub turnirində 2-ci darmadağına nail olan ilk komanda olub. 4 il əvvəl Portuqaliya “Sportinq”inə də 7 qol vuran “Bavariya” indikindən fərqli həmin vaxt 7:1 hesabı ilə qalib gəlmişdi.

“Bavariya” ÇL-in son 20 illik tarixinin pley-off mərhələsinin ən böyük hesablı qələbəsini qazanıb. Belə ki, indiyədək bu mərhələdə ən böyük fərq 6-ya bərabər idi. “Mançester Yunayted” “Roma”nı, “Bavariya” isə “Sportinq”i 7:1 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, 1992-ci ildən fərqli format və adla keçirilən turnirin ümumilikdə ən böyük hesabı 8:0-dır. Buna Türkiyənin “Beşiktaş” klubunu darmadağın edən İngiltərə “Liverpul”u nail olub. 1955/56 mövsümündən start götürən və 1992-ci ilədək Çempionlar Kuboku adlanan yarışın mütləq rekordu isə Rumıniya “Dinamo”suna məxsusdur. Buxarestlilər Şimali İrlandiya “Kruzaders”ini 1973/74 mövsümündə 11:0 hesabı ilə məğlub edib.

ÇL-də ən böyük hesablı qələbələr

8:0 – “Liverpul” (İngiltərə) – “Beşiktaş” (Türkiyə) (2007/08)
7:0 – “Yuventus” (İtaliya) – “Olimpiakos” (Yunanıstan) (2003/04)
7:0 – “Arsenal” (İngiltərə) – “Slaviya” (Çexiya) (2007/08)
0:7 – “Jilina” (Slovakiya) - "Marsel" (Fransa) (2010/11)
7:0 – “Valensiya” (İspaniya) – “Genk” (Belçika) (2011/12)
7:0 – “Bavariya” (Almaniya) – “Bazel” (İsveçrə) (2011/12)
7:1 – “Mançester Yunayted” (İngiltərə) – “Roma” (İtaliya) (2006/07)
7:1 – “Bavariya” (Almaniya) – “Sportinq” (Portuqaliya) (2008/09)