“Oynamalıyıq, başqa əlacımız yoxdur” - MÜSAHİBƏ
14.03.2012 - 11:27
“Oynamalıyıq, başqa əlacımız yoxdur” - MÜSAHİBƏ
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisovun apasport.az saytına müsahibəsi

- Martın 27-də dünya çempionatının pley-off mərhələsinin ilk oyununda Rusiya millisi ilə qarşılaşacaqsınız. Bu matça hazırlıq necə gedir?
- Artıq hazırlığa başlamışıq. Komanda 4-5 gündür bir yerdə məşq edir. Hazırlığın davamını İstanbulda reallaşdırıb, Türkiyə ilə 2 yoldaşlıq görüşü keçirəcəyik. Artıq bütün komanda üzvləri, o cümlədən, Serjio Lukas da düşərgədədir.

- Qarşılaşmanın “Sərhədçi” Olimpiya İdman Kompleksində keçiriləcəyi dəqiqləşib. Yığmamız isə ilk dəfə bu məkanda oynayacaq. Fərqli sahədə oynamaq komandaya necə təsir göstərəcək?
- Məncə, hər şey normal olacaq. “Sərhədçi”də oynasaq da, azarkeşlər komandanı dəstəkləyəcəklər. Həm də indiyədək müxtəlif ölkələrdə fərqli arenalarda mübarizə apardığımızdan buna hazırıq. Sadəcə, yer parket olacaq. Düzdür, artıq məşqlərimizi parket sahədə keçirik. Onu da deyim ki, Rusiya yığması da parket örtükdə oynayır və bu, onların lehinə olacaq.

- Heyətdə ciddi itkilər var. Rizvan Fərzəliyevlə Andrey Tveryankin Bakıdakı oyunları buraxacaqlar. Onsuz da güclü oyunçu qıtlığı hiss olunduğu məqamda bu boşluğu doldurmaq mümkün olacaqmı?
- Onlar bizim üçün ciddi itkidir. Tveryankin bir oyunu buraxacaq. Rizvanın neçə matçda iştirak etməyəcəyi hələlik dəqiqləşməyib. Çalışacağıq ki, onların da yerinə qaçaq, işləyək. Yeni oyunçular cəlb edilib. Onlar mütləq həmin futzalçıların yerini doldurmalıdırlar. Bunun nə dərəcədə alınıb-alınmayacağını isə oyun zamanı görəcəyik. Rizvan əsas heyət üzvüdür, yığmanın kapitanıdır. Tveryankin də neçə ildir ki, əsas qapıçımızdır. İtkilərimiz çoxdur. Amma buna baxmayaraq, oynamalıyıq, başqa əlacımız yoxdur.

- Yeni gələnlər komandanı gücləndirə biləcəkmi?
- Açığı, Türkiyəyə gedən heyətin Rusiyaya qarşı oynayıb-oynamayacağını bilmirəm. Buna baş məşqçi qərar verəcək. Ancaq “Neftçi” İSM-in baş məşqçisi Kaka bizimlədir. O, yığmanın formasını geyinəcək. Seymur Məmmədov isə bir neçə dəfə komandanın düşərgəsində olub.

- Milli üzvləri mərhələ keçməyə inanırmı?
- Əlbəttə, buna inanırıq. Kimə qarşı oynadığımızı yaxşı bilirik. İnam olmasaydı, heç meydana çıxmağa dəyməz. Aydın məsələdir ki, şanslar bərabər deyil. Bizim final mərhələsinə yollanmaq şansımız bir qədər azdır. Ancaq 2 matç oynayacağıq. Bakıdakı qarşılaşmadan çox şey asılıdır. Burda yaxşı nəticə qazansaq, artıq Rusiyadakı görüş fərqli olacaq. Başqa taktika ilə oynayacağıq.

- Avropa çempionatının final mərhələsi zamanı yığma məhsuldar oyunu ilə yanaşı, müdafiədə zəif təsir bağışlaması ilə yadda qalmışdı. Bu amil Rusiya ilə oyunda problem yaratmayacaq?
- Bəli, Xorvatiyadakı oyunda çox top buraxdıq. Ancaq bu qədər çox qol da vurmamışdıq. Yəni, hücumda məhsuldar oynayırıq, lakin müdafiədə istədiyimizi ortaya qoya bilmirik. Avropa çempionatında pis çıxış etmədik. Mərhələ adlamasaq da, komanda normal oynadı. Futzalda belə şeylər də olur. Bəzən yaxşı oynayırsan, amma nəticə qazana bilmirsən.

- Türkiyə yığması ilə 2 yoldaşlıq oyunu nəzərdə tutulub. Necə düşünürsünüz, Rusiya ilə Türkiyə millisini tərəzini eyni gözünə qoymaq olarmı?
- Bu, mümkün deyil. Onlar Avropa çempionatında da qarşılaşmışdılar. Ruslar böyük hesabla qalib gəlmişdilər. Hər iki komanda fərqli taktika ilə oynayır. Buna görə də biz Türkiyə ilə başqa, Rusiya ilə oyunda isə fərqli taktikaya üstünlük verəcəyik. Şimal qonşumuz oyun boyu pressinq edir. Futzalçıların səviyyəsinə görə də, ruslar üstündürlər. Nəticələr də göz qabağındadır. Rusiya sonuncu Avropa çempionatının gümüş mükafatçısıdır. Türkiyə isə bizim kimi qrup mərhələsini adlaya bilmədi. Ona görə bu komandaları tərəzinin eyni gözünə qoymaq olmaz.