Saşa Stamenkoviç Gəncədə əlamətdar hadisə ilə üzləşdi
14.03.2012 - 16:02
Saşa Stamenkoviç Gəncədə əlamətdar hadisə ilə üzləşdi
“Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviç Gəncədə əlamətdar hadisə ilə üzləşdi. Apasport.az saytının məlumatına görə, 27 yaşlı legioner “Kəpəz”lə bu gün keçirilən səfər matçında həm bu il ilk rəsmi oyununa çıxdı, həm də Azərbaycan kubokunda debüt etdi.

Çempion kubokun cari mövsümündə ilk oyununu 1/8 final mərhələsində ötən ilin noyabrın 30-da “Simurq”la səfər matçını keçirsə də, Stamenkoviç həmin oyunda ehtiyatda qalmışdı. Belə ki, bakılıların 1:0 hesabı ilə qalib gəlib mərhələ adladığı matçda Rauf Mehdiyev 90 dəqiqə qapıda dayanmışdı.

Ötən yay “Srvena Zvezda”dan transfer olunan Saşa ötən il həmin kubok oyununu nəzərə almasaq, qalan matçları əvəzolunmadan keçirmişdi. Serbiyalı Premyer Liqada 18 turda 1820 dəqiqə meydanda oldu və 16 qol buraxmışdı. Qış fasiləsindən sonra ehtiyata düşən Saşa keçirilən 5 matçı kənardan izlədi. Bu, Raufun əsas heyətə qayıdışı ilə nəticələndi. “Neftçi”nin ötən tur “Qəbələ”yə 1:4 hesabı ilə uduzduğu oyundan sonra qapıda dəyişiklik gözlənilirdi ki, bu, Stamenkoviçin qayıdışına gətirib çıxardı.

“Neftçi”nin bu il “Rəvan”a 1:0 hesabı ilə qalib gəldiyi oyunda əvəzlənərkən, etdiyi intizamsız hərəkətindən sonra 3 matç ehtiyatda qalan braziliyalı müdafiəçi Denis Silvanın da əsas heyətə qayıdışı kuboka təsadüfi etdi. Denis 28-ci dəqiqədə hesabı açmaqla, öz sözünü dedi və 2:1 hesablı qələbənin təməlini qoydu.