“Vaqif Cavadovun özünü göstərmək həvəsi çox idi”
14.03.2012 - 16:45
“Vaqif Cavadovun özünü göstərmək həvəsi çox idi”
“Hər 2 komandanın ifasında maraqlı oyunun şahidi olduq. Hesab edirəm ki, matçın nəticəsi ədalətli idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qəbələ” ilə ilk oyununu səfərdə keçirən ağdamlılar məhsuldar heç-heçəyə nail oldu – 2:2.

Bu nəticə kubokda səfər matçları üçün münasib olsa da, Qurbanov arxayınlaşmağa qətiyyən əsas görmür: “Qəbələ” cari mövsümdə evdə inamlı təsir bağışladığını, “Neftçi” və “Xəzər Lənkəran” üzərində qələbəsinin təsadüfi olmadığını gördük. Hesab edirəm ki, şanslar bərabər qalır. Çünki kubok oyunları çempionat matçlarından fərqlənir. Kubokda yanaşma tam başqadır. Burada qalib 2 oyunla müəyyənləşir. Hesab edirəm ki, Ağdamdakı cavab görüşü daha ağır olacaq. Çünki rəqibə növbəti mərhələyə çıxmaq üçün qələbə lazım olacaq. Bizim isə həmin oyuna qədər 2 həftə vaxtımız var. Bu müddətdə çempionatda matçlarımızı keçirib, ilk oyunu təhlil edib, cavab matçına necə oynamağı müəyyənləşdirəcəyik”.

“Qarabağ”ın çalışdırıcısı Qəbələdəki matçda əsas heyətdə bir sıra dəyişiklik etmişdi. Əsas diqqəti çəkən məqam cəzası bitən Vaqif Cavadovun 2 il 3 aylıq fasilədən sonra Ağdam klubunun formasında meydana çıxmağı idi. Hücumçuya əsas heyətdə yer verən Qurbanov Georgi Adamiya ilə makedoniyalı Muarem Muarem 2-ci hissədə meydana buraxdı ki, sonuncu son saniyələrdə hesabı bərabərləşdirməklə, cütün taleyinə həll edə biləcək qola imza atdı: “Vaqifin özünü göstərmək həvəsi çox idi. Ancaq oyun təcrübəsinin azlığı hiss olunur. Bunu aradan qaldırmaq üçün vaxt lazımdır. O, həvəslə çalışmalarını davam etdirsə, tez bir zamanda formasını bərpa edəcək və bu zaman həm özü, həm də bizim üçün rahat olacaq. Oyuna uyğun olaraq heyətdə dəyişiklər edirik və sərəncamımdakı hər bir futbolçunun xidmətindən istifadə etməyə çalışırıq”.