Rauf Əliyev: Səfərdə qollu heç-heçə üstünlük deyil
15.03.2012 - 00:05
Rauf Əliyev: Səfərdə qollu heç-heçə üstünlük deyil
“Çətin qarşılaşma idi. “Qəbələ” həqiqətən də son oyunlarda özünü yaxşı tərəfdən göstərməyi bacarıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın hücumçusu Rauf Əliyev deyib.

Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qəbələ”nin qonağı olan Ağdam təmsilçisi səfərdən sərfəli nəticə ilə döndü. Belə ki, oyunun gedişində hesabda iki dəfə geri düşün qonaqlar sonda startus-kvonu bərpa etməyi bacarıb.

Komandasının ilk qoluna imza atan forvard rəqibin hücum xəttinin güclü olduğunu qabardıb: “Xəzər Lənkəran”, “Neftçi” kimi komandalara qalib gəliblər. Heyətlərində yaxşı hücumçuları var. Kubok oyunu olduğuna görə, birinci görüşdən sərfəli nəticə ilə dönmək istəyirdik”.

Səfərdəki qollu heç-heçəyə rəğmən, Əliyev hər iki komandanın yarımfinala çıxmaq şansını bərabər sayır: “Qollu heç-heçə üstünlük deyil. Əgər qələbə qazansaydıq, buna sevinmək olardı. Çünki “Qəbələ” rəqib meydanında da yaxşı oyun sərgiləyir. Heç-heçə hər iki komandanın şanslarını bərabərləşdirir. Yarımfinala adlamaq üçün bizi daha bir çətin 90 dəqiqə gözləyir”.