“Göz dəyməsin, hər şey qaydasındadır” - MÜSAHİBƏ
15.03.2012 - 13:10
“Göz dəyməsin, hər şey qaydasındadır” - MÜSAHİBƏ
“Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynovun apasport.az saytına müsahibəsi

- Qış fasiləsindən sonra heyətdə yer almamağınızın səbəbi nədir?
- Zədəli idim. Artıq məşqlərə başlamışam. Hətta “Kəpəz”in əvəzediciləri ilə matçda meydana çıxdım. Tədricən formamı bərpa edirəm. Qismət olsa, yaxın günlərdə əsas komandanın heyətində də oynayaram.

- İlk vaxtlar zədənizin ciddi olmadığı deyilirdi. Ancaq bu qədər oynamamağınız adamı fərqli düşünməyə vadar edir...
- Hər şey qaydasındadır. Demək olar, əsas komandanın hazırlığına qoşulmuşam. Yavaş-yavaş heyətdəki yerimi də qaytaracam.

- Əvəzedici heyətdə oynasanız da, adınız əsas komandanın oyunlarının protokollarına salınmır. Bunun səbəbi nədir?
- “Kəpəz”lə matç ilk oyunum idi. Açığı, fiziki cəhətdən tam bərpa olmamışam. Bu sahədə baş məşqçi mənə yaxından kömək edir. O, fərdi şəkildə məşğul olur, öz tapşırıqlarını verir. Yəni, fiziki hazırlığım tam bərpa olunduqdan sonra komandama kömək edəcəm. Yəqin ki, həmin vaxt baş məşqçi mənə etimad göstərəcək.

- Zədə üzündən yığmanın ötən ay Dubayda təşkil edilən təlim-məşq prosesindən də kənarda qaldınız...
- Zədə hər bir futbolçunun başına gələ bilər. Sadəcə, bizim əsas işimiz bu prosesi tez keçmək, daha sonra məşqlərdə çox çalışmaq və formamızı bərpa etməkdir. Əslində, rəqabət də istənilən futbolçunun artırması üçün əla motivasiyadır. Buna görə də irəli getmək mümkündür. Düzdür, bu gün oturuşmuş heyətimiz var və yaxşı nəticələr qazanırıq. Ancaq heyətə düşmək artıq özümdən asılıdır. Əvvəlki formamı bərpa etsəm, yəqin baş məşqçi mənə güvənəcək.

- Belə bir deyim var: qalib heyəti dəyişməzlər. Bu gün “Qəbələ”nin işləri pis getmir. Belə olan təqdirdə, yenidən əsas heyətə dönmək çətin olmayacaq ki?
- İndiki məqamda üzərimə düşən əsas məsələ formamı bərpa etməkdir. Çox çalışıram. Şansımı gözləyəcəm. Baş məşqçi nə vaxt meydana buraxsa, komandama kömək edəcəm.

- Həkimlər oynamağınıza icazə veribmi?
- Zədəm tam sağaldıqdan sonra heç bir problem olmayacaq.

- Komanda kənardan necə görünür?
- Göz dəyməsin, hələlik hər şey qaydasındadır. Avrokuboklara vəsiqə qazanacağımıza inanıram.

- “Neftçi” ilə oyunda qeydə alınan böyük hesablı qələbə sizin üçün gözlənilməz oldu?
- Qələbəyə inanırdım. Çünki ev oyunlarında “Qəbələ” hər zaman “Neftçi” ilə başabaş mübarizə aparıb, son vaxtlar qələbələr qazanıb. Əsas mərhələdə də onları yenmişdik. Ancaq bu hesabı gözləmirdim.

- Ölkə kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la ilk oyununda hesabda 2 dəfə irəli çıxsanız da, qələbəni qoruya bilmədiniz. Evdə qollu heç-heçədən sonra “Qəbələ”nin şanslarını necə dəyərləndirirsiniz?
- “Qarabağ” həqiqətən ən güclü klublardan biridir. Bu, danılmaz faktdır. Ancaq etiraf edək ki, həmin görüşdə bəxtimiz də gətirmədi. Cavab oyununda toparlanmalıyıq. Əsas mərhələdə onları Ağdamda məğlub etməyi bacarmışdıq. İnşallah, bu dəfə də həmin hadisəni yaşayarıq.

- Hazırkı durum rəqibin lehinədir...
- Əlbəttə, onlar səfərdə 2 qol vurublar. Doğma meydanda qolsuz heç-heçə və ya 1:1 hesabı onlara sərf edir. Kimin mərhələ adlayacağını Quzanlıdakı 90 dəqiqənin yekununda biləcəyik.

- Çempionatla müqayisədə “Qəbələ”nin avrokuboklara yollanmaq üçün gücünü kubok oyunlarına verəcəyini düşünmək olarmı?
- Premyer Liqada da işlərimiz pis getmir. Üçüncü pillədə yer alan “Qarabağ”dan cəmi 6 xal geri qalırıq. Həftəsonu onlarla oyunumuz var. Qələbə qazansaq, fərqi 3-ə endirəcəyik. Ümumiyyətlə, qarşıda hələ 9 tur var. Hələ çox dəyişikliklər olacaq. Yaxşı nəticələr qazanacağımıza inanıram.

- Qış fasiləsindən sonra “Qəbələ” baxımlı oyun nümayiş etdirir. Baş məşqçiniz Fatih Kavlak komandada nəyi dəyişdirib?
- Hər məşqçinin öz taktikası, futbola baxışı var. Kavlakın verdiyi tapşırıqların nəticəsi olaraq, komanda uğur qazanır. Deməli, baş məşqçi düzgün olanı tapşırır.

- Onu futbolçulardan əsas tələbi nədir?
- O, hər dəfə bizimlə söhbətində komandanın qarşısına qoyulan məqsədlərdən, hədəflərdən danışıb. Yəni, nə etməli olduğumuzu bizə başa salır. Ona görə də meydana çıxanda yeganə məqsədimiz qələbə qazanmaqla bağlı olur.