“Hamı çempionluğu öz evində qeyd etdi” - MÜSAHİBƏ
30.04.2012 - 13:30
“Hamı çempionluğu öz evində qeyd etdi” - MÜSAHİBƏ
“Neftçi” klubunun kapitanı Ruslan Abışovun apasport.az saytına müsahibəsi

- Komandanız artıq ikinci il çempionluğa sahib çıxdı. Dünən qazanılan çempionluğu necə qeyd etdiniz?
- Bildiyiniz kimi, “Qarabağ” üzərində qazandığımız qələbədən sonra çempionluğun rəsmiləşməsi üçün bizim oyundan sonra başlayan “İnter” – “Xəzər Lənkəran” matçının nəticəsini gözləməli idik. Həmin oyuna bazada televiziyadan baxdıq. Çempionluğumuz dəqiqləşəndən sonra bazada heç kim qalmadı. Hamı öz evinə yollanıb, çempionluğu orada qeyd etdi. Sabah məşqimiz olacaq. Yəqin ki, komanda şəklində çempionluğu orda qeyd edəcəyik. Ancaq təbii ki, əsas qeydetmə mövsümün son turunda mayın 11-də “Qəbələ” ilə ev oyununda olacaq. Həmin vaxt çempionluq kuboku bizə təqdim olunacaq.

- Həmin oyunda kapitan kimi kuboku başınız üzərinə siz qaldıracaqsınız, yoxsa əsas kapitan Rail Məlikov?
- İnşallah, Rail edəcək. Son vaxtlar zədə üzündən oynamayan əsas kapitanımız artıq sağalıb. Bizdə mehriban kollektiv var, futbolçular arasında ayrıseçkilik edilmir. Sevinirəm ki, çempion olduğumuz oyunda kapitanlıq sarğısını daşıyırdım.

- Ardıcıl 2-ci il çempion olmağınızı nəyin nəticəsi sayırsınız?
- Güclü komandamız var. Hələ ötən yay mövsümə çox yaxşı hazırlıq keçdik. Keçən mövsüm bitəndən sonra çempion heyəti demək olar qoruyub saxlaya bildik. Fikrimcə, bu, ardıcıl 2-ci çempion olmağımızda həlledici rol oynadı. Nəticədə titulumuzu qoruyub saxlaya bildik.

- Hər 2 çempionluqda iştirak etmisiniz. Bunları müqayisə edəndə, hansı qənaətə gəlirsiniz?
- Hər ikisi önəmlidir. Çünki ölkə daxilində ən yüksək nəticəni qazanmışıq. Düzdür, ilk çempionluq daha şirin olur. Çünki “Neftçi” 6 ildir həmin çempionluğu gözləyirdi və bu, mənim ilk çempionluğum idi.

- Çempionluğun müəyyənləşdiyi “altılığ”a uğursuz başladınız. Yenə çempion olacağınıza nə vaxt böyük inam yarandı?
- Düzdür, “altılığ”a startımız çox uğursuz oldu. Səfərdə “Qəbələ”yə böyük hesabla uduzduq. Bundan sonra toparlanaraq, səfərdə “İnter”lə səfər oyununa çıxaraq, vacib qələbə qazandıq. Bu, həlledici qələbə oldu və onu qazanandan sonra çempionluğa böyük inamımız yarandı. İşlərimiz daha yaxşı getdi və sonda yenə 1-ci olduq.

- FİFA “Xəzər Lənkəran”dan 6 xalı qaytarandan sonra ən yaxın izləyicinizlə xal fərqi 6-ya endi. Yəni Lənkəran klubunun sona 3 tur qalmış çempionluq şansı qalırdı. Həmin vaxt titulu qoruya bilməməklə bağlı narahatçılıq yaranmadı ki?
- Yox. Biz ilk növbədə öz oyunumuzu düşünürdük. Əksinə, FİFA “Xəzər Lənkəran”ın 6 xalının qaytarmağına sevindim. Çünki bu, onların halal qazanmış xalları idi. Halal xallar isə heç vaxt itmir. Bilirdik ki, “Xəzər Lənkəran”ın “İnter”lə çətin səfər oyunu var və orada xal itirməyi mümkündür. Sonda elə də oldu və biz yaxşı xəbər alaraq, ardıcıl 2-ci çempionluğumuzu rəsmiləşdirdik.

- “Qarabağ”la oyunda qazanılan çempionluq qələbəsini asan əldə etmədiniz... Hesabda geri düşdünüz, rəqib penaltidən istifadə edə bilmədi. Bundan sonra hesabı bərabərləşdirdiniz ki, matçın 1:1-lə nəticələnəcəyi gözlənilirdi...
- Düzdür, oyun bizim üçün çətin alındı. Ancaq hesabı tez bərabərləşdirə bildik və Rəşad Abdullayevin gözəl qolundan sonra daha rahat oynadıq. Oyun, oyun epizodlarına görə qələbə istəyimiz daha böyük idi. Biz qələbəyə layiq idik və 1-ci uzatma dəqiqəsində qələbə topunu vura bildik.

- Yeri gəlmişkən, penaltini dəqiq yerinə yetirdiniz. “Neftçi”də bir neçə futbolçu 11 metrlik cərimə zərbəsindən dəqiq istifadə edə bilmədiyinə görə kapitan kimi məsuliyyəti öz üzərinizə götürdünüz?
- Bəli. Mövsüm ərzində bəzi futbolçularımız penaltidən qol vura bilməməklə, ümidlərini kəsmişdilər. Bundan sonra zərbəni mən vurmağa tam hazır idim. Bundan əvvəlki oyunda da penalti olsaydı, zərbəni mən vuracaqdım. Həlledici məqamda kapitan kimi məsuliyyəti öz üzərimə götürdüm və sevinirəm ki, bunun öhdəsindən layiqincə gəldim.

- Qollarınızdan söz düşmüşkən, sizin üçün şəxsi göstəricilər baxımdan bu mövsüm həm uğurlu, həm də uğursuz oldu. O mənada uğursuz ki, 2 dəfə avtoqol etməklə, mövsümün antirekordçusu oldunuz...
- Hamı gördü ki, onlar sırf oyun epizodları idi və hər futbolçunun başına gələ bilər. Əsas odur ki, özüm rəqib qapısına 5 qol vurmuşam və bu, mənim üçün ən məhsuldar mövsümdür. Yaxşı oldu ki, çempionluğu gətirən həlledici qolu da mən vurdum. Qarşıda hələ tur var və imkan olsa, yenə fərqlənmək istəyirəm.

- “Bakı” və “Qəbələ” ilə qalan oyunlar haqda nə düşünürsünüz?
- “Neftçi” hər oyuna olduğu kimi, meydana qələbə üçün çıxacaq. Bizim üçün mövsümün son oyunu isə mayın 17-də “Bakı” ilə Azərbaycan kubokunun final matçı olacaq.

- Həmin oyunda da qalib gəlib, mövsümü “qızıl dubl”la başa vurmaq iddianızı gerçəkləşdirə biləcəksiniz?
- Biz bunu çox istəyirik. Özü də bu, karyeramda ilk “qızıl dubl” olacaq. Buna görə kuboku qazanmağı çox istəyirəm və final matçını səbirsizliklə gözləyirik. Rəqibə gəlincə, burada geniş təqdimata ehtiyac yoxdur. “Bakı” altılıq”da yüksəlişdə olaraq, xal sayına görə liderlərdəndir. Azərbaycan kubokunun finalına da çıxaraq, Avroliqaya vəsiqəni təmin edib. “Bakı” güclü rəqib olduğundan, oyuna ciddi hazırlaşacağıq. Fikrimcə, finalda maraqlı oyun olacaq.

- “Neftçi” ardıcıl 2-ci il Çempionlar Liqasında ölkəmizi təmsil edəcək. Ötən yay Zaqreb “Dinamo”su ilə oyunda uğursuzluğu unutdurmaq lazımdır. Buna nail ola biləcəksiniz?
- Keçmişdəki səhvlərdən nəticə çıxartmaq təcrübə olur. İnşallah, bizə yaxşı rəqib düşər və layiqli çıxış edib, nəticə qazanmaqla, xalqımızı sevindirərik.

Mehman SÜLEYMANOV