UEFA Avro-2012-nin təxirə salınmasına münasibət bildirdi
02.05.2012 - 10:14
UEFA Avro-2012-nin təxirə salınmasına münasibət bildirdi
UEFA 2012-ci il Avropa çempionatının (Avro-2012) təxirə salınmasının mümkünlüyü barədə yayılan xəbərlərə rəsmi münasibətini bildirib. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin keçiriləcəyi Ukraynada siyasi vəziyyətin qeyri-sabit olması, həm oyunların başqa ölkədə təşkil olunmasını, həm də final mərhələsinin başqa vaxta keçirilməyini gündəmə gətirib.

Avro-2012-nin təşkilatı məsələləri üzrə koordinatoru, eyni zamanda, Polşa Futbol Assosiasiyasının prezidenti olan Mixail Listkeviçin sözlərinə görə, hazırda təxirə salınma nəzərdən keçirilmir: “Mənə məlumdur ki, UEFA turnirin vaxtını və yerinin dəyişilməyinin mümkünlüyünə hətta nəzəri cəhətdən baxmır. Əgər Avro-2012-nin oyunlarına bəzi siyasətçilər baş çəkməsə, bu, böyük əhəmiyyət kəsb etməyəcək. Əsas futbolçular və azarkeşlərdir”.

İspaniya Futbol Federasiyası Avro-2012-nin keçirilməyi təklifi ilə bağlı UEFA-ya rəsmi müraciət edib. Qurumun prezidenti Anhel Mariya Vilyar UEFA-dan olan həmkarı Mişel Platiniyə Ukraynada yaranan siyasi qeyri-sabitlik üzündən turnirə ev sahibliyi etməyə hazır olduqlarını və bunun üçün ölkəsində infrastrukturun yetərli olduğunu bildirib.

Qeyd edək ki, Polşa və Ukraynada keçiriləcək final mərhələsi iyunun 8-də start götürəcək.