“Bu, fantaziya və cəsarətimizin mükafatıdı” - MÜSAHİBƏ
02.05.2012 - 11:00
“Bu, fantaziya və cəsarətimizin mükafatıdı” - MÜSAHİBƏ
Dortmundun “Borussiya” klubunun baş məşqçisi Yürgen Klopp Almaniya mətbuatına müsahibəsində ardıcıl ikinci il Bundesliqanın qalibi olmasından danışıb.

- 10 ballıq şkalaya görə nə dərəcədə xoşbəxtsiz?
- Həyatım təkcə futboldan ibarət deyil. Özümü köməksiz hiss etdiyim vəziyyətlərdə bədbəxt oluram. Lakin indi çox yaxşıyam, ailəmdə hər şey qaydasındadı, qalan şeyləri isə həll etmək olar. Futbol planı baxımından vəziyyətimə 10 bal vermək olar. Çox gözəl hissdi.

- "Bavariya"nın idman direktoru Kristian Nerlinger söylədi ki, "hər həftə Yürgen Kloppa evdə Çempionlar Liqasına iştiraka görə pulsuz dərslər veririk".
- Hə, bilirəm. "Bavariya"nın qalib gəlməsini arzulayıram. Məsələn, onda Qomes son dəqiqələrdə qol vuranda, mən çox sevindim.

- Bunu necə təsəvvür edirsiz? Evdə televizor qarşısında əyləşir və birdən sıçrayırsız?
- Yox. Matçlara o qədər çox baxmışam ki, artıq divanım pis vəziyyətdədi, ondan asanlıqla durmaq olmur. Lakin yumruq oldu. Kriştianu Ronaldonun komanda yoldaşlarından bu dərəcədə ayrıldığını artıq çoxdandı ki, görmürəm. Onlar da yaxşı oynadılar! Sakit, lazım olduğu an sürətlərini artırırdılar.

- Bəs Uli Hönesin çıxışı sizi sevindirdimi? "Borussiya"nın prezidenti Hans-Yoahim Vatskeni kəskin şəkildə tənqid etdiyini nəzərə alsaq, yəqin ki, yox.
- Ötürmələrin hamısını görmədim, yalnız kəsikləri gördüm. Qırmızı parça öküzü qıcıqlandırdığı kimi, indi biz də "Bavariya"nı qıcıqlandırırıq, bunu çox gözəl anlayıram. Onlar deyirlər "bizim səviyyəmizdə oynaya bilən və bizimlə rəqabət apara bilən daha bir komandanın olması necə də yaxşıdı". Ümumiyyətlə, onlara inanıram.

- Lakin?
- Bu cür komanda rəqib ikinci olanda onların daha çox xoşuna gəlir. Motiv budu: "Onlar bizi daha da yaxşı oynamağa vadar edir, sonra isə dostcasına qələbə münasibətilə təbrik edirlər".

- Lakin indi hər şey başqa cürdü. Dortmund 8 xal fərqi ilə birinci yerdədi. Ardıcıl olaraq ikinci çempionluq!
- Əslində, "Bavariya" çox gözəl mövsüm keçirdi. Çempionatda onlar 73 xal toplaya bilərlər, bu isə çox vaxt qələbə üçün kifayət edir. Lakin daha çox xalı, daha az büdcəsi olan daha bir komanda var. Biz imkanlarımız xaricində işləyirik. Və əlbəttə, bunu həm də izah etməli olmağımız xoşagəlməzdi. "Ay, Çempionlar Liqasında bizdə heç nə alınmadı, bundesliqada da qalib gəlməyə layiq deyildik" deməli və əlimizi yanımıza salmalı deyilik.

- "Bavariya" fanatlarının Çempionlar Liqasında müvəffəqiyyətsizliyə uğradığınızı qışqırmaları və mahnı oxumaları sizi nə dərəcədə qıcıqlandırır?
- Əlbəttə, onlar haqlıdılar, lakin bu cür qışqırıqlar əslində komplimentdi. Hə, Çempionlar Liqasında səhvə yol verdik, lakin dəyərli təcrübə topladıq. Növbəti ildə də onu toplayacağıq. Təbii, bu dəfə tələblərimiz artıq başqa cür olacaq. Düzdü, ittihamlardan biri ilə razı deyilik.

- Hansı ilə?
- Guya, biz yetərincə kapital qoymuruq. Hər oyuna hazırlaşırdıq, o cümlədən Çempionlar Liqasına. Hə, sonda kifayət etmədi, lakin vicdanımız təmizdi, belə ki, bundesliqada birinci yerdəyik. Allah göstərməsin! Bundesliqada yarıgüclə heç yerə gəlib çıxa bilməzdik.

- Qış fasiləsi zamanı söylədiz: "Bavariya" Useyn Boltdu". Belə çıxır ki, ardıcıl olaraq 4 dəfə dünyanın ən sürətli adamını ötüb keçdiz?
- (gülür) Yəqin ki, bu, o qədər də yaxşı müqayisə deyildi, çünki futbolda vacib olan 1 deyil, 11 nəfərin gördüyü işdi. Bolt yaxşı formada olanda, məqsədinə asanlıqla nail olur. Ona badalaq vura, yaxud da qısa yolla ötüb keçə bilmirsən. Belə olmaz. "Bavariya"ya qarşı oyunda yaxşı planımız vardı və bir az da bəxtimiz gətirdi. Biz də yaxşı idik. Bu kombinasiya ilə "Bavariya"ya qalib gəlmək olar.

- Sanki asanlıqla...
- Yox. Bunu artıq "Real"la matçda gördük. "Bavariya" Avropa səviyyəli top-komandadı. Onu geridə buraxmaq mühüm nailiyyətdi bə bir il sonra da mühüm nailiyyət kimi qalacaq. Bütün görüşlərimizdə onlara qalib gəlmək istəyirik və biz bunu edəcəyik.

- Mayın 12-da kubokun finalında artıq autsayder kimi görünmürsüz.
- Yox. Finalda autsayder olmur. Belə deyək, "Duysburq" "Şalke" ilə oynayanda rol bölgüsü aydın olur, lakin bundesliqanın iki komandası qarşılaşanda autsayder olmur.

- Ötənilki qələbədən sonra son vaxtlar fotoları təkrar gözdən keçirməmisiz?
- Yox. Burada və indi tamam-kamal yaşayıram.

- Hələ Münhenqladbax "Borussiya"sı ilə oyundakı 2:0 hesabından öncə "Borussiya"nın çempion olacağı tamamilə aydın idi.
- Əgər oyundan bir neçə gün əvvəl kimsə məndən şənbə axşamı nə edəcəyimizi soruşsaydı, cəzasını verərdim! Düz sözümdü. Lakin əlbəttə, məndən heç kim heç nə soruşmadı. Yəqin ona görə ki, məni yaxşı tanıyırlar (gülür).

- Oyundan əvvəl 8 xal fərqiniz və irəlidə 3 matçınız vardı.
- Bayram üçün əsas varsa, onu əldən vermirəm, bunu şənbə günü görmək olardı. Lakin təxmin etmək? Necə olacaq? Necə ola bilərdi? Heç vaxt.

- Deyəsən, bu münasibəti oyunçularınıza da aşılamısız. Hələ bir neçə həftə əvvəl onlar çempionluqla bağlı ağızlarını da açmırdılar.
- Artıq 4 ildi ki, bir yerdə işləyirik. Oyun strategiyasından vacib şey yoxdu. Onu hər həftə dəyişmirik: "Bu gün daha çox konsentrasiya olunmuşuq, sabah arxayınlaşmaq olar. Hə, unutdum, bu gün kiminsə ad günüdü, istəyən olsa, oyuna gələ bilər". Cəfəngiyyatdı. Kənar şeyləri unutmalısan. Bu, yalnız fikrini tam şəkildə cəmlədiyin halda mümkündü. Fikrini tam şəkildə cəmləmək isə o deməkdi ki, əgər məqsədə doğru gedirsənsə, vacib bir şey təhlükə qarşısındadısa, qalan şeylər vecinə də deyil.

- Titul uğrunda mübarizədə əsas məqam "Bavariya" üzərində 1:0 hesablı qələbə oldu. Zəhmət olmasa, Robert Levandovski həmin qolu vuranda keçirdiyiniz hissləri təsvir edin.
- Əvvəlcə sevinmədim, çünki ofsayd olduğunu düşündüm, sonra yan hakimə baxdım, bayraq qaldırılmamışdı, qol. Yenə də bir anlıq təlaş vardı, sonra isə oyunçular artıq qolu qeyd etməyə başladılar. Qeyri-adi qol idi. Roman penaltini tutanda keçirdiyim hisslər daha güclü idi.

- "Bavariya" ikinci dövrədə birinci ilə müqayisədə daha çox qaçdı. "Borussiya" isə az. Bunun hesabına topa sahib olma faiziniz artdı. Taktikanı dəyişdiz?
- Oyunda dominantlıq edəndə çətin ki, 130 km qaçasan. "Bavariya" mövsümün əvvəlində 100 km-dən bir az artıq qaçdı və əgər 4:0 hesabı ilə qalib gəlirsənsə, bu, normaldı. Lazımi anda növbəti zərbəni endirmək üçün oyunda müəyyən qənaətə nail olmalısan. Ağrı verə biləcək zərbə. Deyirlər ki: "Yaxşı at lazım olduğu qədər hündürə tullanır". Bu fikri biz başqa cür dərk edirik. Yaxşı at bacardığı qədər yüksəyə tullanır! Yalnız belə. Həmişə qalib gəlmək istəyirik. Lakin açıq-aydın tamamilə dominantlıq etdiyin zaman "Duracell" reklamındakı dovşan kimi qaçmaq? Bunda zərrə qədər də olsun sağlam düşüncə yoxdu.

- 6-cı turdan sonra 7 xalınız vardı və turnir cədvəlində 11-ci yerdə qərarlaşmışdız.
- Bir yığın problemimiz vardı və onu həll etdik. Bundan başqa mükəmməlləşdik. Mats Hummelsin həddən artıq funksiya yerinə yetirdiyi oyun quruluşunu dəyişmək lazım gəlirdi. Şindzi Kaqava meydanın ortasında dərinliyə çəkiləndə və ötürmə üçün təklifdə bulunanda bizimlə oynamaq çətindi. Əgər lazımi dəyişikliyi etməsəydik, 20 xal saya bilməzdik.

- Əgər adaşınızla oyundan sonra təriflədiyiniz Kaqava klubu tərk etsəydi, buna anlayış göstərərdiz? Yoxsa məyus olardız?
- Məyus olmaq? Qətiyyən! Qulaq asın, nəyə görə məyus olmalıyam? Şindzi burada inanılmaz iki il keçirib. Əgər başqa harasa getmək arzusundadısa və indi məqamı olduğunu hiss edirsə, onu hörmətlə və ən yaxşı istəklə buraxacağıq. Lakin bu barədə hətta düşünmürəm belə! Fikrimcə, qalacaq. Əksi baş versə, onda iki il ərzində bizim üçün aparıcı futbolçunun oynadığını söyləyə bilərəm. Və yüz ildən sonra bir balaca yaponun burada çox vacib rol oynadığını hər kəs biləcək.

- "Bavariya"nın sizi zəiflədəcəyindən qorxursuz? Levandovski ilə bağlı hələ heç nə aydın deyil.
- O, satılmır! Onda biz kim olacağıq? Bu, necə görünəcək? "Bavariya"dan olan insanlar gəlir və Levi soruşur, sanki Mario Qomesdə alınmayanda, hərdənbir bizdə oynamaq istəmirsən? Yaxud necə? Cəfəngiyatdı və istisnadı.

- Növbəti ildə əsas heyətdə yer uğrunda rəqabət dözülməz olacaq. Qurbanlar olacaq?
- Bu, bunu kimin necə qəbul etməyindən asılı olacaq. Çempionlar Liqasında qışlamaq istəyirik, bunun üçünsə gücləri bölüşdürməliyik. Qorumalı deyil, bölüşdürməli. Bu mənada bərpa olunmaq üçün hər kəsin yetərincə vaxtı olmalıdı. Planımız belədi. Keyfiyyət, həm də kəmiyyət baxımından hər şey alınmalıdı. Fiziki cəhətdən yaxşı vəziyyətdə olduğumuzu komanda hər həftə sübut edir.

- Pişekdən də çox razısız...
- Onun etdikləri sadəcə, dəlilikdi. Top səviyyəli oyunçudu. Lakin özümüzü yalandan elə göstərə bilmərik ki, sanki hər şeyin məhz belə olacağını bilirdik. Sadəcə, bu, fantaziya və cəsarətimizin mükafatıdı. Fiziki cəhətdən onda ilkin şərtlərin əla olduğunu hələ "Herta"da olduğu vaxtda gördük. Taktika baxımından da yetkin idi.

- Bu necə meydana çıxır?
- Lens Armstronq bir dəfə belə söyləmişdi: "Ağrı keçir, məğlubiyyət isə qalır". Lukaş bunu bilir. 25-ci dəqiqədə hiss etdiyi ağrı artıq onu maraqlandırmır. Bütöv matçda bu cür sürətlə hərəkət etməyə qadir olan birisini hələ görməmişəm, həmişə qaçır. Polşa milli yığmasının oyunlarından birindən əvvəl məşqçilərindən üçlüyümüzü daha tez dəyişməyi xahiş etdim. Televizoru qoşuram: 88-ci dəqiqədi, Pişek hələ də meydandadı. Məşqçi onu dəyişmir. Yanımıza qayıdanda ona deyirəm: "Axmaqsan, heç olmasa, bir az yavaş qaça bilərdin? Axı, 2:0 hesabı ilə qalib gəlmişdiz". O isə deyir: "Yox, qaça bilmədim".

- Hərdən sizə elə gəlmirmi ki, Dortmundda azarkeş bumu həddini aşır? Qara bazarda 1000 avroya bilet alan fanatlar var.
- Hə, bu, ağılsızlıqdı. 2008-ci ildə bura gələndə düşündüm: "Bu stadion hansısa inanılmaz gücə malikdi". Lakin əslində bu güc yalnız Cənub tribunasından törəmişdi. Digərlərində isə belə bir hiss vardı: "Orada nə baş verir? Aydındı". Lakin 4 ilə hər şey necə dəyişdi! İndi hər kəs, "orada başverənlərlə bağlı" hansısa əlaqəsinin olduğunu hiss edir. Ona görə də hamı, bütün stadion bayram edir! Bu, gələcəkdə bizim üçün yaxşı kömək olacaq və bundan istifadə etməliyik.