“İddiamız avroliqada qrup mərhələsinə düşməkdir”
02.05.2012 - 17:15
“İddiamız avroliqada qrup mərhələsinə düşməkdir”
“İnter” klubunun prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi

- Komandanızın baş məşqçisi Kaxaber Sxadadze Tiflis “Dinamo”sundan təklif aldığını etiraf edib. Avroliqaya çıxsanız, 1 ay sonra ciddi sınaq qarşısında olacaqsınız. Sxadadze gedəsi olsa, bu qısa müddətdə problemləri necə həll etmək fikrindəsiniz?
- Vəziyyətdən necə olsa çıxacağıq. Əslində, hələ mövsüm bitməyib, baş məşqçi də postundadır.

- Sxadadze ilə söhbətiniz olubmu?
- Bəli, onunla ciddi söhbət etdik. Sxadadze Azərbaycan kubokunda yarımfinala çıxdıqdan sonra bir az əsəbi idi. Onu yaxşı başa düşürəm. Açığı, Sxadadze ilə vidalaşmaq istəmirik. Ancaq əgər məşqçiyə daha yaxşı təklif gəlirsə, istədiyini edə bilər.

- “Dinamo”nun maliyyə imkanları “İnter”dən güclüdür ki, Sxadadze Tiflisə getməyi düşünür?
- (gülür) Düzünə qalsa, müqayisə edə bilmərəm. Yəqin ki, belədir, Gürcüstan futbolunda maliyyə vəziyyəti pis deyil. Ancaq istənilən halda, “Dinamo” daha tanınır, “İnter”dən güclüdür. Buna görə, Sxadadzenin qərarı başa düşüləndir.

- Belə çıxır ki, artıq Sxadadzenin gedəcəyi ilə barışmısınız?
- Yox. Bizim onunla bir daha söhbətimiz olacaq. Ancaq mənim əsas həyat fəlsəfəm belədir, əvəzolunmaz insanlar yoxdur.

- Baş məşqçi axtarışına çıxmısınız? Heç olmasa, mümkün variantları, namizədləri nəzərdən keçirirsiniz?
- Hər şey gələcək planlarımızdan asılı olacaq. Hələ bilmirik ki, avrokubokda iştirak edəcəyik, ya yox. İştirak etsək, hansısa variantlar olacaq. Avroliqaya çıxmasaq, onda... Nə isə... Bir daha deyirəm ki, Kaxaber hələlik baş məşqçimizdir. Onun “İnter”lə 1 illik uzadılan müqaviləsi var. Buna görə onun gedişi hələlik ciddi deyil.

- O, “Dinamo”ya getsə, müqaviləsinə görə kompensasiya tələb etmək hüququnuz var...
- Yox, belə məsələlər gündəmdə dayanmır. Hansı kompensasiya? Sxadadze “İnter”də işini yetərincə yaxşı kompensasiya edib. Komandamıza debüt mövsümündə Azərbaycan çempionluğunu, sonrakı il “Birlik kuboku”nu qazandırdı. Bunlara görə Sxadadzeyə minnətdarıq. Mən onunla pul söhbəti etməyəcəyəm. Deməyəcəyəm ki, mənə pul ver, səni buraxım. Çətin ki, bu, söhbətlər olsun.

- Sizcə, “İnter” Avroliqaya düşə biləcək?
- Başqa variantımız yoxdur. Fikrimcə, bu turnirdə layiqli təmsil olunacağıq. Hətta fikirləşirəm ki, minimum 3 mərhələ keçərik. Amma Avroliqaya düşəcəyimiz növbəti turda “Qarabağ”la səfər oyununda həll olunacaq. Ağdamda Avroliqaya 2 namizəd görüşəcək. Bu, idman mübarizəsidir, hər şey ola bilər. Qalib gələ, heç-heçə edə, uduza da bilərik. Yəni, hər 3 nəticə 33 faiz mümkündür.

- İddianız böyükdür, 1-2 mərhələ sizi qane etmir...
- Etmir. Bizim bir mərhələ keçməyimiz artıq olub (gülür). İddiam qrup mərhələsinə düşmək, yaxşı mənada xatırlanmaq və bir də bu uğurlu çıxışla maddi vəziyyətimizin yaxşılaşmağına bir az kömək etməkdir.

- 3 mərhələ keçmək üçün heyəti yaxşı komplektləşdirmək və baş məşqçi məsələsini həll etmək lazımdır. Bunları yoluna qoymağa vaxt az, iddianız isə böyükdür...
- Hər halda, düşünürəm ki, Kaxaber qalacaq və sonra yaxşı vəzifəni yerinə yetirə bilən komandanı yığacaq.

Mehman SÜLEYMANOV