Pavel Doroşevə şok yaşadan xəbər
03.05.2012 - 11:13
Pavel Doroşevə şok yaşadan xəbər
“Hələlik rəhbərliklə görüşüm olmayıb. Müqavilə ilə bağlı danışıqları agentim aparsa, daha düzgün olardı. Hər halda, bu, onun işidir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin transferə çıxardığı qapıçı Pavel Doroşev deyib. Komanda ilə məşqlərini davam etdirən təcrübəli qapıçının gələcək karyerası hələ müəyyənləşməyib.

Onun sözlərinə görə, agenti rəhbərliklə danışıq zamanı qalan 1 illik müqaviləsi ilə bağlı məsələni həll etməlidir: “Rəhbərlik müqavilə ilə bağlı öhdəlikləri yerinə yetirir. Son vaxtlar oynamasam da, komandanın üzvü kimi məvacibimi vaxtında alıram. Agentlər müqavilə məsələləri ilə bağlı işlərdə daha bacarıqlıdırlar. Futbolçu isə emosional olur və bəzən bu, pis nəticə verir”.

Doroşev karyerasını ölkəmizdə davam etdirməyi arzulayır: “Mən 4 mövsümdür “Qəbələ”də çıxış edirəm. Bildiyiniz kimi, bu müddətdə daim, demək olar fasiləsiz oynamışam. Azərbaycan elə öyrəşmişəm ki, burada getmək istəməzdim. Yeganə çatışmazlıq ölkənizdə meydançalarla bağlı idi ki, artıq klublar bu yöndə gördükləri işlərlə problemləri yoluna qoyurlar. Hətta Gəncə və Tovuz stadionları da mənim bura ilə bağlı təəssüratlarımı korlamır. İlk “altılıq” klubları isə məni sadəcə, valeh edir”.

Pavel bildirib ki, haqqında yayılan xəbərləri təəccüblə qarşılayır: “Deyirlər ki, Doroşev filan kluba keçir. Mən bunları eşidəndə, şoka düşürəm. Halbuki, bu deyilənlərin yarısını bilmirəm. Təbii ki, məsələ dəqiqləşəndə, bu haqda mətbuata açıqlama verəcəyəm. Azərbaycanda variantım olmasa, başqa ölkəyə gedib, baxışa yollanmaqda da problem görmürəm”.