“Xəzər Lənkəran” seçimini etdi
03.05.2012 - 14:59
“Xəzər Lənkəran” seçimini etdi
“Xəzər Lənkəran” mövsümlərarası fasilədə hazırlıq keçəcəyi məkanı müəyyənləşdirib. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib.

Toplanışın Avstriyada keçirilməsinin nəzərdə tutulduğunu bildirən mütəxəssisin sözlərinə görə, konkret müddət mövsüm bitəndən, Avroliqaya vəsiqə rəsmiləşəndən sonra dəqiqləşəcək.

“Açığı, mən orada olmamışam. Ancaq “Xəzər Lənkəran” son vaxtlar daim bu ölkədə hazırlıq keçib. Klubumuzun nümayəndələri oranı mənə təriflədilər ki, çox yaxşı havası, şəraiti, meydançaları var. Yəni, toplanış üçün hər şey yüksək səviyyədədir. Mən də razılığımı verdim və orada hazırlıq keçəcəyik. Təbii ki, səfərə komanda ilə birgə çıxacağam. Təyyarəyə minməməyim artıq keçmişdə qalıb. Səfər vaxtına gəlincə, bunun üçün əvvəlcə Avroliqaya çıxaq, sonra müəyyənləşdirərik. Onu deyə bilərəm ki, hazırlıq 3 həftəlik olacaq. Gələn ayın əvvəlində Azərbaycanda bir araya gəlib, qısa müddətli hazırlıqdan sonra səfərə çıxacağıq”.

Hüseynov hələlik yeni transferlər haqda danışmaq istəmədi: “Bu dəqiqə yalnız onu fikirləşirəm ki, son 2 oyunumuzda qalib gələk və çempionatı gümüş medalla bitirib, Avroliqaya çıxaq. Hazırda diqqətimi növbəti turda “Qəbələ” ilə oyunda qələbəyə kökləmişəm. Nə Mahir Şükürov, nə də başqa futbolçunun komandamıza keçidi haqda danışmaq istəyirəm. İnşallah, mövsüm bitəndən sona bu haqda fikirləşib, sonra açıqlama verəcəyəm”.

Xatırladaq ki, “Xəzər Lənkəran”ın Avstriyadakı son toplanışı ötən il İnnsbruk şəhəri yaxınlığındakı Fulpmes şəhərciyində olmuşdu.