“Simurq” rəhbərliyindən sürpriz
03.05.2012 - 18:01
“Simurq” rəhbərliyindən sürpriz
“Simurq” rəhbərliyi Premyer Liqanın sonuncu ev oyununda azarkeşləri üçün sürpriz hazırlayıb. Bu barədə apasport.az saytına klubun icraçı-direktoru Vaqif Əliyev məlumat verib.

Fanatları Zaqatala şəhər stadionuna səsləyən Əliyev bildirib ki, XXXI turun “Rəvan”la qarşılaşmasında ilboyu komandaya dəstək verən ən fəal azarkeşlərə qiymətli hədiyyələr təqdim olunacaq: “Azarkeşlərimizdən çox razıyıq. Onlar komandamıza həmişə - udanda da, uduzanda dəstək olublar. “Rəvan”la qarşıdakı oyunumuz isə cari mövsümdə evdə son matçımızdır. Buna görə mövsüm boyu “Simurq”un ən fəal azarkeşlərinin əməyini qiymətləndirməyi məqsədəuyğun saydıq”.

İcraçı-direktor qiymətli hədiyyələrin konkret nədən ibarət olduğunu sirr saxlayıb: “Bu, azarkeşlərimiz sürpriz olsun. Azarkeşlərimiz stadionuna gəlsinlər və qiymətli hədiyyələrin nədən ibarət olduğunu görəcəklər. Hər halda, 5-6 müxtəlif çeşiddə qiymətli hədiyyə olacaq və onları kimlərə verəcəyimizi müəyyənləşdirəcəyik”.

Əliyev növbəti mövsümün planlarında fan-klub məsələsinə xüsusi diqqət yetirməyin olduğunu bildirib: “Bildiyiniz kimi, futbolda azarkeş amili vacibdir. Biz də növbəti mövsümdə yaxşı bir fan-klubumuzun olmağını istəyirik. İstəyirik ki, sanballı fan-klubumuz olsun və bunu yaradacağıq”.

Xatırladaq ki, “Simurq” – “Rəvan” matçı mayın 5-də saat 17:30-da başlayacaq.