Sumqayıtda çempionluq və Premyer Liqada qalmaq mübarizəsi
04.05.2012 - 10:54
Sumqayıtda çempionluq və Premyer Liqada qalmaq mübarizəsi
Premyer Liqanın XXXI turunda Sumqayıtdakı oyun 2-ci “altılıq”da mübarizədə həlledici rol oynayacaq. Apasport.az saytının məlumatına görə, “Sumqayıt” AZAL-la ev oyununda uduzarsa, güclülər dəstəsində debüt mövsümündə son pilləni tutmağını rəsmiləşdirəcək. Çünki komandanın özündən irəlidə gedən “Turan”dan hazırda 4 xal geridədir və bu fərqi son turda aradan qaldırmaq qeyri-mümkün olacaq. Sumqayıtlılar 1 xal qazanarsa, Tovuz klubunun “Kəpəz”lə Qərb derbisində heç-heçə qeydə alınarsa, bu zaman son pillənin sahibinə tam aydınlıq gələcək. Buna görə sumqayıtlılar ilk dövrədə evdə olduğu kimi, AZAL-la qalib gəlib, “Turan”ın büdrəməyinə ümid etməlidir. Yalnız bu halda hər şey sona tura qalacaq. Onda “Sumqayıt”ın “Rəvan”ın, “Turan”ın AZAL-ın qonağı olacağı matçlarda bütün suallara aydınlıq gələcək.

“Turan” Gəncədə qalib gələrsə, “Sumqayıt”ın I diviziona yollanmağını dəqiqləşdirəcək. İndi elə vəziyyət yaranıb ki, son oyunlarda məğlubiyyətləri sıralayan “Kəpəz”in də Premyer Liqada qalmağı sual altına düşüb. Yəni komanda ən yaxın izləyicisi olan “Turan”a uduzarsa, onunla xal fərqi minimuma enəcək. Bu zaman “Kəpzə” 10-cu yerdə qalmaq vəzifəsini son turda “Simurq”La ev oyununda həll etməli olacaq. Bunun olmamağı üçün “Turan”la oyunda heç-heçə də yetərlidir.

Sumqayıtdakı matç 2-ci “altılığ”ın çempionu məsələsinə də aydınlıq gətirə bilər. Bunun üçün 7-ci yerdə gedən AZAL-a qalib gəlmək yetərlidir. Əgər “təyyarəçilər” heç-heçə etsə belə, çempionatı 7-ci yerdə getməyi dəqiqləşə bilər. Çünki şəxsi oyunlarda üstün olduğu 8-ci pillənin sahibi “Rəvan”ın şansını saxlamaq üçün “Simurq”la səfər oyununda qalib gəlməyi şərtdir. AZAL uduzarsa belə, “Rəvan”ın büdrəyəcəyi halda, liderliyini həll edəcək. “Təyyarəçilər” ötən çempionatı 4-cü yeri tutaraq, Avroliqaya vəsiqə qazanmışdı.

Qeyd edək ki, Premyer Liqamızın reqlamentinə görə, 12-ci pilləni tutan I diviziona düşür, 11-ci yerdə gedən I dəstədə 2-ci pillənin sahibi ilə 2 pley-ff oyununu keçirməlidir.