Bakı “İnter”ində 500 min avroluq futbolçu?
04.05.2012 - 13:09
Bakı “İnter”ində 500 min avroluq futbolçu?
Bolqarıstanın “Çernomorets” klubunun futbolçusu Lorival Asis karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Bakı “İnter”i 28 yaşlı braziliyalını heyətində görmək istəyir.

Burqas təmsilçisinin “Liteks”lə oyununu izləmək üçün Bolqarıstana gedən “İnter” nümayəndələri artıq Asislə danışıqlara başlayıblar. Bolqar həmkarlarımızın iddiasına əsasən, “Çernomorets” rəhbərliyi “İnter” qarşısında şərt qoyub.

Belə ki, onlar braziliyalının transferi üçün 500 min avro istəyirlər. Həmçinin, bakılıların bu qiymətlə razılaşdığı və keçidin yay fasiləsində baş tutacağı vurğulanır.

“İnter”in baş meneceri Səbuhi Səfiyarlı isə apasport.az saytına açıqlamasında Asislə maraqlanmadıqlarını söyləyib: “Belə futbolçu ilə danışıqlar aparmağımız həqiqətəuyğun deyil. Heç həmin futbolçunun adını eşitməmişəm. Bəlkə də Bolqarıstan mətbuatı futbolçu ilə maraqlanan klubun adını səhv salıb”.