“İnşallah, elə “Qəbələ” ilə oyunda istəyimizə nail olarıq” - MÜSAHİBƏ
04.05.2012 - 13:59
“İnşallah, elə “Qəbələ” ilə oyunda istəyimizə nail olarıq” - MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- “Qəbələ” ilə oyuna hazırlıq necə gedir?
- Yaxşı. Heyətlə bağlı problem yoxdur. Bütün futbolçuların komandanın hazırlığında iştirak edir.

- Qarşılaşma gümüş medal və Avroliqaya vəsiqə baxımından çox vacibdir. Üstəlik, uzun fasilədən sonra mili çempionatın mükafatçısı ola bilərsiniz. Komandanız buna nail ola biləcək?
- Məqsədimiz yalnız qələbə qazanmaqdır. İnanıram ki, buna nail olacağıq.

- Bu inam sizdə daha çox nəyə əsaslanır?
- Çempionatın sonudur və nəticə vacibdir. Bu mənada hər oyun çox önəmlidir. Əslində, ötən tur “İnter”lə oyunda qələbə qazanmasaq da, komandamız pis oynamadı. Futbolçular yaxşı bilirlər ki, “Qəbələ” ilə oyunda qələbə nə qədər vacibdir. Buna görə də maksimum nəticə qazanmaq lazımdır. Bunun üçün futbolçularımız meydanda bütün gücünü qoymalıdır.

- “Qəbələ”ni ilk dövrədə səfərdə yenməyiniz sizdə qələbəyə daha çox inam yaradıb?
- Qələbəyə inamımız böyükdür. Ancaq “Qəbələ”yə səfərdə qalib gəldiyimizə görə arxayınlaşmırıq. Rəqibimiz həqiqətən çox yaxşı komandadır. Buna görə də bizi çətin sınaq gözləyir.

- Avroliqaya çıxmaq imkanı qaldığı üçün “Qəbələ” Lənkəranda mütləq qələbəyə oynayacaq...
- Əslində, hər oyun gərgin keçir. Mövsümün sonunda isə bu gərginlik daha çox olur. Çünki medalçılar, avrokuboklara gedən komandalar müəyyənləşir. “Qəbələ”yə qalib gəlməyimiz heç də asan olmayacaq. Bunun üçün əziyyət çəkməliyik. Nəticə qazanmalı olduğumuzdan, futbolçular məsuliyyəti yaxşı dərk edirlər. Qalib gəlmək üçün gərək meydanda sonadək vuruşasan.

- Sizin oyunla paralel “Qarabağ”la “İnter”in vacib görüşü olacaq. Ağdamdakı həmin oyundan nə gözləyirsiniz?
- Açığı, bu haqda fikirləşmirəm.

- Ancaq “Qarabağ” – “İnter” matçının nəticəsi medal, Avroliqaya vəsiqə qazanmaq baxımından komandanız üçün də önəmlidir. Belə ki, “İnter” xal itirərsə, qalib gələcəyiniz halda, gümüş medalçı olmağınız dəqiqləşəcək...
- İstənilən halda, mənim üçün əsas oyunumuzdur. Məni “Qəbələ” ilə matçın nəticəsi maraqlandırır.

- Məqsədinizə son turda “Qarabağ”la oyunda da çata bilərsiniz. Onda da evdə oynayacağınızdan, qalib gəlmək şansınız böyükdür...
- Hansı nəticəni qazanacağımızı oyun göstərəcək. İnşallah, elə “Qəbələ” ilə sabahkı oyunda istəyimizə nail olarıq. Məqsədə çatmağı son tura saxlamaq istəmirik. Bu zaman mübarizə daha da gərginləşdiyindən, növbəti oyunumuzu qələbə ilə başa vurmaq fikrindəyik.

Mehman SÜLEYMANOV