Vüqar Nadirov: Rəşad Sadiqov layiqincə əvəzlənəcək - MÜSAHİBƏ
04.05.2012 - 23:02
Vüqar Nadirov: Rəşad Sadiqov layiqincə əvəzlənəcək - MÜSAHİBƏ
“Qarabağ” klubunun yarımmüdafiəçisi Vüqar Nadirovun apasport.az saytına müsahibəsi

- Bu gün “İnter”lə vacib qarşılaşmanız var. Oyuna hazırlıq necə gedir?
- Hər şey normaldı. Bütün diqqətimizi bu görüşə yönəltmişik. Ciddi yanaşırıq. Qələbə qazanıb, Avropa Liqasına yollanmaq istəyirik.

- Bu, sizin üçün son şansdır. “İnter”i necə məğlub etməyi düşünürsüz?
- Bu haqda mən yox, baş məşqçi danışa bilər. Çünki bizim işimiz onun verdiyi tapşırığı yerinə yetirməkdir. Yəqin ki, baş məşqçinin oyunla bağlı müəyyən tapşırıqları olacaq.

- Xüsusi hazırlıq keçmisiz, yoxsa sıradan bir oyuna hazırlaşmısız?
- Əvvəlki oyunlara necə, bu görüşə də eyni qaydada hazırlaşmışıq. Ancaq məqsədimiz dəyişməzdir, mütləq qələbə qazanıb, istəyimizi reallaşdırmalıyıq.

- “Qarabağ” adətən “İnter”i üstələyir. Oyunun Quzanlıda baş tutması sizin üçün əlavə üstünlükdürmü?
- Təbii ki, doğma meydanda oynamağımız bizim üçün stimul olacaq. Azarkeşlərin da oyuna marağı var. Çalışacağıq ki, onların dəstəyi ilə meydanı 3 xalla tərk edək və üçüncü pilləyə yüksələk.

- Avrokuboklardan kənarda qalmaq sizə pis təsir etməyəcək?
- “Qarabağ”sız Avropa Liqası çox pis görünür. Biz bu turnirdə olmalıyıq. İnşallah, buna da nail olacağıq.

- Rəşad Sadiqov düşərgədən kənarlaşdırılıb. Kapitanın komandadan uzaqlaşdırılması digər oyunçulara necə təsir edib?
- Bu haqda nəsə demək istəmirəm. Hər bir kəsin öz fikri, düşüncəsi var.

- Onun yeri görünəcəkmi?
- Əlbəttə, görünəcək. Amma bu gün əvəzedilməz futbolçu yoxdur. Yəqin ki, Rəşad Sadiqov layiqincə əvəzlənəcək. Çalışacağıq ki, boşluğu hiss etdirməyək.

- Son vaxtlar “Qarabağ”ın əksər futbolçularının mövsüm başa çatdıqdan sonra başqa kluba keçəcəyi deyilir. Sadiqovun gedişi hardasa çat yarada bilərmi?
- Bu şayiədən başqa bir şey yoxdur. Düşünmürəm ki, onun gedişi komandada çat yaratsın.

- Sizə necə, yeni təklif varmı?
- Xeyr.

- Bəs oynamamağınız nə ilə bağlıdır?
- Hansısa problem yoxdur. Vacib olan komandanın uğur qazanmasıdır. Kim oynayır oynasın, təki “Qarabağ” qələbə qazansın, məqsədinə nail olsun.