“Rəşadın bu addımı ilə planlarımız pozuldu”
05.05.2012 - 11:01
“Rəşadın bu addımı ilə planlarımız pozuldu”
“Qarabağ”ın direktoru Əmrah Çəlikəlin apasport.az saytına müsahibəsi

- Rəşad Sadiqovun vacib oyunlar öncəsi “Neftçi” ilə danışıqlar aparmasını gözləyirdiniz?
- Bu, tək mənim üçün yox, hamı üçün gözlənilməz oldu. Əslində, Rəşadın müqaviləsi də bitir, 2 oyundan sonra azad agent statusu daşıyacaq. Ancaq Sadiqovun bu addımı ilə planlarımız pozuldu.

- Onu vacib matçlarda oynatmayaraq, hazırlıq keçdiyiniz Quzanlıdan Bakıya göndərdiniz...
- Bəli. Təbii ki, başqa kluba keçirsə, “Qarabağ”ın oyununa 100 faiz konsentrasiya oluna bilməyəcək. Bir tərəfdən yaxşıdır ki, bunu oyundan öncə dedi. Ancaq dediyim ki, Sadiqovun bu addımı bizim üçün gözlənilməz idi. Həlledici anda çətin vəziyyətdə qaldığımıza görə təəssüfləndik. Başqa problem yoxdur.

- Kapitanınız qərarını nə ilə izah etdi?
- Şəxsən mənim onunla söhbətim olmayıb. Biz Ağdamda olarkən, bu xəbəri eşitdik. Rəşadla baş məşqçi Qurban Qurbanov danışıb və onu heyətdən kənarlaşdırıb. Təbii ki, biz də çalışdırıcının qərarına hörmətlə yanaşırıq.

- Qaydalara görə, futbolçu müqaviləsinin başa çatmasına 6 ay qalmış, başqa klubla anlaşa bilər. Deməli, Sadiqov bunu qışda edə bilərdi...
- Təbii. Ancaq bu gün elə vaxtdır ki, “Qarabağ”ın qədəri, Avropaya gedib-getməyəcəyi bilinəcək. Bütün gücümüzü buna səfərbər etmişik. Futbolçulardan da bunu gözləyirdik ki, vacib oyunlara motivasiya olunsunlar.

- Sadiqovla yeni müqavilə imzalamaq fikriniz var idi?
- İndi bütün diqqətimiz çempionatda olduğundan, transferlə bağlı baş məşqçi ilə görüşümüz olmayıb.

- Rəşadın məsələsinə baxılıb, futbolçuya hansısa formada cəza verilə bilərmi?
- Hazırda “İnter”lə oyunu fikirləşirik. Ardından səfərdə “Xəzər Lənkəran”la qarşılaşacağıq. Daha sonra bu məsələyə baxacağıq.

- Digər kapitanınız olan qapıçı Fərhad Vəliyevin gedişi gözlənilir?
- Fərhad Vəliyev, o cümlədən, müqaviləsi bitən bütün futbolçularımız gedə də bilər, qala da. Bu, onların öz seçimindən asılıdır. Ancaq əlbəttə ki, baş məşqçi hansı futbolçuların xidmətində maraqlı olsa, onlarla anlaşmanın müddətini artıracağıq. Buna nail olmaq üçün bütün səylərimi göstərəcəyik.

- Rəşad Sadıqov Türkiyədən təklif alanda, gedişinə imkan yaratmışdınız. Yenidən belə variant ola bilərmi?
- Sadıqov da bizim kimi, hazırda ancaq çempionat oyunlarını düşünür.

- Bəs növbəti hazırlıq planlarımıza aydınlıq gəlibmi? Yenə Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçəcəksiniz?
- Çox güman ki, hazırlığımız yenə orda olacaq. Avroliqaya gedib-getməməyimizlə bağlı məsələ açıq qaldığından, biz tarixlərini hələ müəyyənləşdirməmişik.

- Necə düşünürsünüz, “Qarabağ” bu çətin sınaqdan üzüağ çıxıb, ardıcıl 4-cü il Avroliqaya vəsiqə qazanacaq?
- İnşallah, Avroliqaya gedərik. Buna inanırıq. Həmişə çətin vəziyyətlərdən çıxmışıq. Ancaq istədiyimiz kimi alınmasa, bu, faciə sayılmayacaq. Deməli, belə məsləhət imiş və məsələyə yalnız bu yöndə baxacağıq.

- “Qarabağ” avrokuboklardan kənarda qalsa, heyətlə bağlı radikal islahatlar, baş məşqçi postunda dəyişiklik gözlənilirmi?
- Baş məşqçinin istədiyi bütün dəyişiklər həyata keçirilə bilər. Ancaq baş məşqçi dəyişikliyi ilə bağlı heç bir məsələ müzakirə olunmayıb, olunmayacaq da.

Mehman SÜLEYMANOV