“Neftçi”nin prezidenti mənə söz verib”
06.05.2012 - 15:56
“Neftçi”nin prezidenti mənə söz verib”
Azərbaycan milli komandasının sabiq futbolçusu Samir Əliyevin apasport.az saytına müsahibəsi

- Bir müddətdir sizdən səs-soraq yoxdur. Nə işlə məşğulsuz?
- Evdəyəm, hərdən məşq edirəm. Bildiyiniz kimi, “Neftçi”nin hazırlığına da qatılıram. Bu formamı qorumaq üçün deyil. Çünki artıq futbolçu karyeramı bitirmişəm. Yaxın günlərdə futbolçu kimi futbolla vidalaşacam.

- Artıq qərarınızı vermisiz?
- Futbolçu kimi meydana çıxmayacam. Bu, dəqiqdir. Ola bilsin, yaxın günlərdə vida matçında iştirak edək. Bu artıq klub rəhbərliyindən asılıdır.

- Çempionatın başa çatmasına cəmi 1 tur qalıb. Sizin üçün vida matçı nə vaxt keçiriləcək?
- İstəyirəm çıxım 15-20 dəqiqə oynayım və futbolla rəsmi şəkildə vidalaşım. Bu kubok matçının finalında da baş verə bilər. Yenə deyirəm, bu işdə əsas söz sahibi klub rəhbərliyidir. Futbolla vidalaşdıqdan sonra “Neftçi”də qalmaq və klubda çalışmaq istəyirəm. Hələ hansı işlə məşğul olacağımı dəqiqləşdirməmişəm.

- Klubda hansısa vəzifədə yoxsa, məşqçi kimi çalışmaq istəyirsiz?
- Dəqiqləşdirməmişəm. Amma məşqçi kimi özümü sınamaq istəyirəm. Bəlkə bu sahədə uğur qazandıq və yaxşı məşqçi olduq. Sadıq müəllim (“Neftçi”nin prezidenti Sadıq Sadıqov - red) hər cür şərait yaradacağını deyib. O, təcrübə toplamaq məqsədi ilə ehtiyac olacağı təqdirdə xarici klubların düşərgəsinə getməyimə belə şərait yaradacağına söz verib.

- Bu yaxınlarda yığmadakı sabiq komanda yoldaşların olan Mahmud Qurbanov, Zaur Ramazanov, Ramin Quliyev B lisenziyalı məşqçi kurslarına qatıldı. Bəs siz necə, bu cür kurslarda iştirak etməyi düşünrsüzmü?
- Kursa mütləq qatılacam. Səhv etmirəmsə, oktyabrda yenə kurslar olacaq. Onda iştirak edəcəm.

- Kənardan futbolumuz necə görünür? Dəyişən nəsə varmı?
- Nə deyim, müəyyən dəyişiklik var. Komandalar 90 dəqiqə mübarizə aparırlar. Bəzi oyunlarda sürət istənilən səviyyədə olur. Yəni az da olsa inkişaf var.

- “Neftçi” ardıcıl ikinci dəfə çempion oldu. Bu nəticəni gözləyirdinizmi?
- İnanırdım. Birinci dövrədən sonra isə “Neftçi”nin titulunu qoruyacağına əmin idim. Çünki rəhbərlik ötən ilki heyəti qorudu. Uşaqlar mübarizə apardılar və əvvəlki çempionluğun təsadüfi olmadığını sübut etdilər. Bu gün Azərbaycanda çempion olmaq asan deyil. Sevindirici haldır ki, “Neftçi” uzun fasilədən sonra ardıcıl ikinci dəfə ölkənin ən güclüsü oldu.

- Amma bombardilərin mübarizəsində legionerlər at oynadır. Aralarında yerli futbolçu yoxdur...
- Klubların çoxunda legionerlər çıxış edir deyə bombardirlər yarışında da üstünlük onlardadır. Komandaların heyətlərinə diqqət yetirsək, yerli hücumçu kimi Rauf Əliyevin adını qeyd edə bilərik. Qalanları əcnəbilərdir. Belə olan təqdirdə ən məhsuldar futbolçunun legioner olması normaldır. Gərək yerlilər üstünlük təşkil etsin ki, bombardir də özümüzünkü olsun.

- Bu vəziyyət yığma üçün heç də ürəkaçan hal deyil...
- Əlbəttə, bu vəziyyət yığma üçün mənfi haldır. Millinin oyunlarında bu mütləq hiss olunacaq.