Danışılmış oyunlarla bağlı sərt qərarlar
07.05.2012 - 09:43
Danışılmış oyunlarla bağlı sərt qərarlar
Türkiyə futbolunda danışılmış oyunlarla bağlı yekun qərar çıxarılıb. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol İntizam Komissiyasının qərarına əsasən, 10 nəfər futboldan kənarlaşdırılıb.

Ən ağır cəza İbrahim Akına verilib. “Beşiktaş” klubundakı çıxışları ilə tanınan 28 yaşlı hücumçu 3 illik cəzaya məruz qalıb. Türkiyə yığmasının digər sabiq hücumçusu, karyerasının ən yaxşı illərini “Qalatasaray”da keçirən Ümit Karan 2 illik diskvalifikasiya olunub. Son olaraq Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovla “Əskişəhərspor”da oynayan Karan artıq karyerasını bitirərək, klub funksioneri kimi çalışırdı.

Digər cəzalılara gəlincə, İlhan Ekşioğlu - 3, Sərdar Kulbilge, Ahmet Çelebi – 2, Şekip Mosturoğlu, Cəmil Turan, Cengiz Dəmirəl, Yavuz Ağırgöl və Mehmet Şen hərəyə 1 illik cəzalandırılıb. Bunlardan Sərdar Rəşadla “Kocaelispor”da birgə oynayıb.

Araşdırmanın yekununa görə, “Fənərbaxça” və bu klubun prezidenti Əziz Yıldırıma cəza verilməyib. Yıldırımla bağlı qərarda komandanın keçirdiyi oyunlarda qaydaların pozulması, hətta təşəbbüs olmuş olsa belə, bunun oyunlara təsir etmədiyi üzə çıxmadığı bildirilir.