Nazim Süleymanov: Bu dəfə “Çelsi”nin bəxti gətirməyəcək - MÜSAHİBƏ
07.05.2012 - 10:54
Nazim Süleymanov: Bu dəfə “Çelsi”nin bəxti gətirməyəcək - MÜSAHİBƏ
Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanovun apasport.az saytına müsahibəsi

- “Pro” kateqoriyası ilə bağlı UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında oldunuz. Səfərlə bağlı təəssüratlarınızı öyrənmək istərdik...
- Səfər çox yaxşı keçdi. Hər şey yüksək səviyyədə idi. Demək olar səhər 08:30-dan axşama qədər seminarda olduq. Çempionlar Liqasının yarımfinalında “Barselona” - “Çelsi” matçına baxıb təhlillər apardıq. Tədbir UEFA-nın mənzil-qərargahında püşk atılan yerdə keçirilirdi. Oyuna isə böyük ekranlı televizorda baxırdıq. Azərbaycanlı məşqçilərə hansı mövzu düşmüşdüsə, o haqda çıxış elədik.

- Çıxışınız konkret hansı mövzuda idi?
- “Çelsi”nin müdafiəsi haqda. Bu mövzu barədə 10-15 dəqiqəlik çıxış eləmək lazım idi. Onu da çox gözəl elədik, problem yoxdur.

- Nyonda imtahan verdiniz?
- Yox.

- Amma imtahan verdiyiniz və kəsildiyiniz haqda xəbərlər dolaşır.
- Biz imtahanların hamısını Bakıda vermişdik. Nyona yalnız seminar üçün getmişdik. Orada iştirak eləmək lazım idi ki, biz də bunu etdik. Avropa futbolu ilə bağlı son vaxtlar hansı yeniliklər varsa, bu haqda bizə məruzələr etdilər. Deyərdim ki, bu, bizim üçün xeyirli oldu.

- Yəni, yaxşı təcrübə qazandınız...
- Bəli. Biz Bakıda olarkən 2 nəzəri, 2 praktiki məşğələdən imtahan verdik. Məşğələlərimiz artıq qurtarıb. İndi “Pro” diplomunu almaq qalıb.

- Bu, nə vaxt olacaq?
- İnşallah, yəqin sentyabrda.

- Maraqlıdır, “Çelsi”nin müdafiəsini necə dəyərləndirdiniz?
- Hər oyunda çatışmazlıqlar var. Fərqi yoxdur, böyük, yoxsa kiçik komandadır. Ancaq nəticə müsbət olursa, deməli, qarşıya qoyduğu məqsədə çatdı. “Çelsi” finala çıxdısa, məqsədinə çatması deməkdir.

- Sizcə, “Çelsi” Münhendəki finalda “Bavariya”nın da öhdəsindən gələ bilərmi?
- Mənə elə gəlir ki, bu dəfə “Çelsi”nin bəxti gətirməyəcək.