“Bununla bağlı mətbuata danışmaq yaxşı alınmaz”
07.05.2012 - 11:36
“Bununla bağlı mətbuata danışmaq yaxşı alınmaz”
“Hesabat turunda “Bakı” – “Neftçi” və “Sumqayıt” – AZAL oyununu stadiondan izlədim. Bildiyiniz kimi, hər iki qarşılaşmada meydan sahibləri qalib gəldilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin məşqçisi Nazim Süleymanov deyib.

Süleymanov yığmamızın almaniyalı baş məşqçisi Berti Foqtsun yoxluğunda Premyer Liqa matçlarını izləyərək, futbolçuları iş başında görsə də, onların hazırlıq durumu ilə bağlı mətbuata danışmağı məqsədəuyğun saymır: “Bununla bağlı mətbuata danışmaq yaxşı alınmaz. Mənim sırf işim hansısa məlumatları yığıb, baş məşqçiyə çatdırmaqdır. Əlbəttə, gənc futbolçular da var ki, bu haqda Foqtsa məlumat veririk. O, yaxın günlərdə Bakıya gəlməlidir”.

Millimiz mayın 20-də Bakıda bir araya gələrək, yoldaşlıq görüşü keçirmək üçün Yaponiyaya yollanacaq. Mayın 23-də “Gündoğar ölkə”də matça çıxacaq yığmamız ardından Almaniyaya üz tutaraq, 1 həftə sonra Frankfurtda Andorra yığması ilə üzləşəcək.

Süleymanov futbolçulara böyük ümidlər bəsləyir: “Təbii ki, futbolçularımızın özlərini yaxşı tərəfdən göstərməsini istərdik”.