“Neftçi” üçün daha 3 rəqib
07.05.2012 - 11:56
“Neftçi” üçün daha 3 rəqib
Avropanın milli çempionatlarında mübarizə sona yaxınlaşdıqca, 2012/13 mövsümündə Çempionlar Liqasında iştirak edəcək klubların sayı artır. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Neftçi”nin potensial rəqibləri siyahısı da genişlənib.

Öz ölkələrində qızıl medal qazanan Kiprin AEL və Polşanın “Şlask Vrotslav” klubları da II təsnifat mərhələsində “ağ-qaralar”la görüşə bilər.

Bu mərhələdə çıxış edəcək 34 komanda 2 səbətə bölünəcək. Reytinqi aşağı olan “Neftçi” zəiflərin sırasında yer alıb. “Reykyavik” (İslandiya), TNS (Uels), “Flora” (Estoniya), “Şaxtyor” (Qazaxıstan), “Uliss” (Ermənistan) və I təsnifat mərhələsindən gələcək 3 komanda da çempionumuz kimi zəiflər sırasındadır.

Bu klubları II təsnifat mərhələsinin nisbətən yüksək reytinqli komandaları gözləyir. Səpələnmişlər sırasında Polşa və Kipr çempionuna kimi “Dinamo” (Xorvatiya), BATE (Belarus), “Helsinqborq” (İsveç), HİK (Finlandiya), “Ventspils” (Latviya) və “Maribor” (Sloveniya), “Partizan” (Serbiya), “Bazel” (İsveçrə) və “Ekranas” (Litva) var.

Litva çempionunun hansı səbətdə yer alacağı da müəyyənləşib. Lakin II təsnifat mərhələsində çıxışı dəqiqləşən “Şemrok Rovers” (İrlandiya), “Molde” (Norveç), “Hapoel” (Kiryat-İrona, İsrail) komandalarının hansı səbətdə yer alacağı isə hələ tam dəqiq deyil.