Qələbə günündə İspaniya finalı
08.05.2012 - 19:00
Qələbə günündə İspaniya finalı
Sabah Avroliqada cari mövsümün qalibi müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq final matçında 2 İspaniya təmsilçisi üz-üzə gələcək.

Mayın 9-da, Qələbə günü Bakı vaxtilə saat 23:45-də adları oxşar komandalar – “Atletiko” ilə “Atletik” görüşəcək. Bununla, 1972-ci əsası qoyulan turnirdə 41-ci final, avrokuboklar tarixində isə eyni ölkənin təmsilçilərinin 93-cü dueli olacaq.

Adətən finallar Mərkəzi Avropada olsa da, bu dəfə Şərqi Avropada keçirilməyinə qərar verildi. İndiki finalçılar Avropada 29-cu dəfə ispan qarşıdurmasını reallaşdıracaq. Belə ki, indiyədək “Atletik” 1, “Atletiko” 5 dəfə həmyerliləri ilə görüşüb. Bilbao təmsilçisi yeganə oyunda “Barselona”nı udubsa, madridlilər 5 derbidən 3-də qalib olub.

Ümumiyyətlə, Avroliqada (əvvəl Yarmarkalar kuboku və UEFA kuboku) 50-ci dəfə eyni ölkə təmsilçiləri görüşəcək. Yalnız finallara nəzər saldıqda isə 18-ci dəfə kubokun sahibi eyni ölkənin klublarının matçında müəyyənləşəcək ki, bunların 12-si Avroliqaya aiddir.

Superkuboku da saysaq, 7-ci dəfə finalda İspaniya klubları üz-üzə gələcək ki, bununla da İtaliyaya məxsus rekord təkrarlanacaq.

Avrokuboklarda ispan finalları

Avropa Liqası (əvvəl Yarmarkalar kuboku və UEFA kuboku)

1961/62. “Valensiya” – “Barselona” – 6:2, 1:1
1963/64. “Saraqosa” – “Valensiya” – 2:1
1965/66. “Barselona” – “Saraqosa” – 0:1, 4:2
2006/07 “Sevilya” – “Espanyol” – 2:2, 3:1-pen


Çempionlar liqası
1999/2000. “Real” – “Valensiya” – 3:0

Superkubok
2005/06 “Sevilya” – “Barselona” – 3:0

Qeyd edək ki, Türkiyə yığmasının futbolçusu Arda Turanın oynadığı “Atletiko” indiyə kimi 1 dəfə turnirin qalibi olub. Bu, yarış Avroliqada adlananda – 2010-cu ildə olub. “Atletiko” finalda İngiltərənin “Fulhem” klubuna qalib gəlməklə, yeni adla turnirin ilk qalibi kimi tarixə düşüb. “Atletik” isə 1 dəfə - 1977-ci ildə UEFA kubokunun finalında “Yuventus”a uduzub.