Millimiz FİFA reytinqində 1 pillə irəlilədi
09.05.2012 - 11:59
Millimiz FİFA reytinqində 1 pillə irəlilədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması son reytinqlə müqayisədə 1 pillə irəliləyib. Bu müddətdə oyun keçirməyən millimiz 305 xalla 109-cu yerdə qərarlaşıb. Millimiz Avropada 43-cü pillədə yer alıb.

Yığmamızın 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən olan Portuqaliya yığması (1190 xal) 5-ci, Rusiya yığması (1049) 11-ci pillədə qalıb.
Millimizin növbəti seçmə mərhələdə ilk rəqibi olacaq İsrail yığması (558) da mövqeyini dəyişməyib - 58-ci yer. Şimali İrlandiya yığması 305 xalla 100-cü, qrupumuzun autsayderi sayılan Lüksemburq millisi (283) 119-cu pillədəki yerində möhkəmlənib.

Millimizin növbəti yoldaşlıq görüşlərində rəqibləri olan Andorra yığması əvvəli tək xalsız sonda – 205-ci pillədə qərarlaşıb. Asiyanın 2-ci komandası olan Yaponiya isə millimizlə oyuna planetin 30-cusu kimi çıxacaq – 753 xal.

Qeyd edək ki, ilk üçlükdə heç nə dəyişməyib. Son Avropa və dünya çempionu olan İspaniya yığması 1442 xalla liderliyini davam etdirib. 2-ci pillədə Almaniya (1345), 3-cü pillədə Uruqvay (1309) qərarlaşıb.