Berti Foqtsun tarix yazdığı komanda
10.05.2012 - 14:00
Berti Foqtsun tarix yazdığı komanda
Gələn ay Polşa və Ukraynada futbol üzrə Avropa çempionatının final mərhələsi start götürəcək. Apasport.az saytı yarış iştirakçılarının təqdimatını “Ölüm qrpu” kimi tanınan B qrupu komandaları ilə davam etdirir. Polşa və Ukrayna meydanlarında oynamaq hüququnu Azərbaycan yığması ilə eyni qrupda oynamaqla qazanan Almaniya millisi Avro-2012-nin əsas favoritlərindəndir.

Son 2 seçmə mərhələdə, əvvəl DÇ-2012, ardınca Avro-2012 yolunda yığmamızla eyni qrupda yer alan Bundestim 4 matçın hamısında Berti Foqtsun yetirmələrini məğlub etdi. Həmin Foqts ki, alman futbolunun tarixinə son titul qazanan baş məşqçi kimi düşüb. 1990-98-ci illərdə vətənində yığmaya rəhbərlik edən millimizin indiki məşqçisi 16 il əvvəl qazandırdığı Avropa çempionatı Bundestimin son böyük uğurudur.

Lakin 16 il titulsuz qalmasına baxmayaraq keçmiş rəqibimiz Avropa çempionatlarının ən titullu yığmasıdır. Son çempionatda finalda İspaniyaya uduzan almanlar heç kimin bacarmadığı qədər – 3 dəfə Avropanın ən yaxşısı olub. Bunlardan ikisi yığmamızın baş məşqçisinin adı ilə bağlıdır. 1972-ci ildə finalda SSRİ yığmasını darmadağın edən AFR millisinin heyətində Berti Foqts da yer almışdı. Onun çıxış etdiyi müdafiə xətti “Neftçi” və Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskili SSRİ yığmasını elə zərərsizləşdirmişdi ki, sonda həmyerlimiz və digər bir qrup futbolçu cəzalandırıldı.

İlk 3 qitə çempionatında final mərhələsindən kənar qalan almaniyalılar elə həmin 1972-ci ildən başlayaraq ardıcıl 11-ci dəfədir seçmə oyunlarını uğurla keçir. Onlar ilk 3 final mərhələsində isə son oyunadək irəliləyib. 1976-da Çexoslovkiyaya uduzub gümüşlə kifayətlənən Bundestim 1980-ci ildə2-ci çempionluğunu qazandı.

1984-cü ildə qrupda qalan Foqtsun həmyerliləri növbəti 3 çempionatda yenidən mükafatçılar sırasında oldu. 1988-ci ildə yarımfinalda Hollandiyaya uduzub bürünc qazanan Bundestim 4 il sonra finalda Danimarkaya uduzdu. Maraqlıdır ki, Polşa və Ukraynadakı Avro-2012-də həmin 2 komanda da Almaniya ilə eyni qrupdadır. 1992-ci ildə gümüşlə kifayətlənən Foqtsun yetirmələri 4 il sonra finalda çexiyalıları məğlub etdi. Bununla da Foqts həm futbolçu, həm baş məşqçi kimi Avropa çempionu olan ilk və yeganə şəxs oldu.

Foqtsun gedişindən sonra 2 dəfə Avropa çempionatının final mərhələsini qrupda başa vuran almaniyalılar 4 il əvvəl möhtəşəm çıxışı ilə diqqət çəkdi. Lakin finalda İspaniya qarşısında duruş gətirə bilməyərək 3-cü gümüşü ilə kifayətləndi. Ümumilikdə isə qitə arenasında 3 qızıl, 3 gümüş və 1 bürünc mükafatı olan Bundestim də, bunların 2 qızıl və 2 gümüşündə pay sahibi olan Foqts da titulları ilə öyünə bilər.

Almaniya yığması

FİFA reytinqi: 2
İlk oyun: İsveçrə 3:5 (05.04.1908, Bazel)
Ən böyükhesablı qələbə: Rusiya 16:0 (01.07.1912, Stokholm)
Ən böyükhesablı məğlubiyyət: İngiltərə 0:9 (13.03.1909, Oksford)
Titulları: 1954, 1974, 1990-cı illər dünya çempionu, 1972, 1980, 1996-cı ilər Avropa çempionu
Baş məşqçi: Yoahim Löv
Avropa çempionatlarında ən yaxşı nəticə: 1972, 1980 və 1996-cı illərdə I yer
Ən məhsuldar futbolçusu: Herd Müller – 68
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: Miroslav Kloze - 63 qol
Yığmada ən çox oyun: Lotar Matteus – 150
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: Miroslav Kloze – 113

Almaniya yığması Avropa çempionatlarında:

 OQ H MT
Final mərhələsi381910955-39
Seçmə mərhələ8862197213-52
Cəmi126812916268-91


Almaniya yığmasının oyunları:
09.06.2012. Lvov. 23:45. Almaniya – Portuqaliya
13.06.2012. Xarkov. 23:45. Hollandiya – Almaniya
17.06.2012. Lvov. 23:45. Danimarka – Almaniya