“Hər şey öz əlimizdə olduğu üçün də qələbə qazanmalıyıq” – MÜSAHİBƏ
10.05.2012 - 15:07
“Hər şey öz əlimizdə olduğu üçün də qələbə qazanmalıyıq” – MÜSAHİBƏ
Bakının “İnter” klubunun futbolçusu Petar Zlatinovun apasport.az saytına müsahibəsi

- Qarşıda Premyer liqanın XXXII turunun “Bakı” ilə oyunu var. Mövsümün son oyunu haqda nə düşünürsünüz?
- Bu oyun çox vacibdir. Çünki avrokuboklara çıxıb-çıxmamağımız bu qarşılaşmadan asılıdır. Bizə nəticə lazımdır. Bütün qüvvəmizi qoyacağıq ki, qalib gəlib qitə arenasına çıxaq.

- Bu qarşılaşmada qalib gəlməklə avrokuboklara vəsiqəni təmin edə bilərsiniz...
- Hər şey öz əlimizdə olduğu üçün də qələbə qazanmalıyıq. Meydana yalnız 3 xal üçün çıxacağıq. Bütün gücümüzü, bacarığımızı sərf edəcəyik ki, qalib gəlib Avropa Liqasına vəsiqə əldə edək.

- Lakin digər oyunun – “Xəzər Lənkəran” – “Qarabağ” matçının nəticəsindən asılı olaraq sizi heç-hçə də qane edə bilər...
- Digər oyun haqda fikirləşmirik. Yalnız öz oyunumuzu düşünürük. Qalib gəlib hər şeyi özümüz həll etməliyik. Başqasına ümid etməklə nəyəsə nail olmaq olmaz.

- Son turdakı rəqibi necə dəyərləndirirsiniz?
- “Bakı” son oyunlarda çox yaşı oynayır. Onların məhsuldarlığı və nəticələri diqqət çəkir. Lakin son oyun bizim üçün daha vacibdir. Həm də biz doğma meydanda oynayırıq.

- Bu matçla mövsümü bitirirsiniz. “bakı”nı isə qarşıda kubokun finalı gözləyir. Bu amil matça təsir edə bilərmi?
- İnanmıram ki, bu oyuna təsir etsin. Çünki finala qədər 5 gün var.

- Lakin razılaşarsız ki, “Bakı” üçün bu matç final qədər də vacib deyil...
- Təbii ki, məşqçilərin oyunla bağlı öz taktiki planları ola bilər. Çünki onlar üçün kubokun finalı daha vacibdir. “Bakı” çempionatın müəyyən hissəsini uğursuz keçirdi. Yalnız mövsümün sonlarında toparlana bildilər. Bunun sayəsində kubokun finalına da yüksəldilər. Belə olan halda mövsümü titulsuz bitirməməyə çalışacaqlar.

- Mövsümlərarası fasilə yaxınlaşır. Klubla müqaviləniz nə vaxt başa çatır?
- Müqaviləm başa çatır. Amma bu haqda danışmaq istəmirəm. İndi yalnız sabahkı oyunu düşünürəm. Qalib gəlib avrokuboklara vəsiqə qazanmalıyıq. Müqavilə haqda bundan sonra fikirləşərəm. Müqavilə ilə ayın sonuna qədər “İnter”in üzvüyəm.

- Müqavilənin uzadılması haqda təklif almısız?
- Bu haqda danışmaq istəmirəm.

- Başqa təklifləriniz var?
- Avrokuboklara vəsiqə qazanana qədər bu mövzuda danışmaq niyyətim yoxdur.

- Artıq 5-ci ildir ki, “İnter”də çıxış edirsiniz. Yəqin ki, karyeranızın “İnter”də, Azərbaycanda davam etdirilməsini istəyərsiniz?
- Əlbəttə. Artıq neçə ildir ki, Azərbaycandayam. Bura öyrəşmişəm. Məni də tanıyırlar. Karyeramın burda davam etdirilməsini istəyirəm. Amma hazırda məni bu deyil, sabahkı oyun düşündürür.