“Neftçi”nin sabiq baş məşqçisi sifarişlə heyət qurmaqda günahlandırılır
11.05.2012 - 13:39
“Neftçi”nin sabiq baş məşqçisi sifarişlə heyət qurmaqda günahlandırılır
Bakının “Neftçi” klubunun da iştirakçısı olduğu keçmiş SSRİ çempionatlarına ləkə vuran daha bir iddia ortaya atılıb. Apasport.az saytının məlumatına görə, postsovet məkanının tanınmış idman jurnalistlərindən olan Vladimir Pereturun yarışdakı danışılmış oyunlarla bağlı maraqlı açıqlama verib. O, 1982-ci ildə keçirilən çempionatın sonluğunun çirkin oyunlarla zəngin olduğunu bildirib: “Minsk “Dinamo”su çempionluğu təmiz yolla qazanmayıb. Son 2 oyunda Moskva təmsilçiləri “Dinamo” ilə “Spartak” matçı bilərəkdən minsklilərə verdilər. Belarusluların baş məşqçisi Eduard Malofeyev Moskva “Dinamo”sundan olan həmkarı Vyaçeslav Solovyova zəng vuraraq rəqibin heyətini də özü müəyyənləşdirmişdi. Valeri Qazzayev və Aleksandr Novikov isə belə qarşılaşmada oynamaqdan imtina etmişdilər. Nəticədə minsklilər moskvalı əvəzediciləri 7:0 hesabı ilə uddu. Sonra “Spartak”ı da 4:3 məğlub etməklə onlar çempion oldular. Həmin vaxt “Futbol icmalı” verilişinə müsahibə götürəndə Malofeyev dedi ki, səmimi futbol oynadıq. Bu sözləri eşidəndə özümü saxlaya bilməyib şaqqanaq çəkib gülürdüm”.

Qeyd edək ki, rəqib komandanın baş məşqçisinin sifarişi ilə heyət quran Solovyov Moskva “Dinamo”sundan sonra “Neftçi”də də çalışıb. O, 1985-ci ildə SSRİ çempionatının güclülər dəstəsindəki yeganə təmsilçimizin baş məşqçisi olub.