“Mətbuata inansaq, bütün Azərbaycanı yığacağıq”
11.05.2012 - 15:42
“Mətbuata inansaq, bütün Azərbaycanı yığacağıq”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi


- AZAL-ın baş məşqçisi təyin edildikdən sonra komanda rəhbərliyiniz altında 5 oyun keçirib. Nəticələri necə dəyərləndirirsiz?
- Komandanı qəbul edən vaxt futbolçuları tanımağa çalışdım. Həm də nəzərə almaq lazımdır ki, arxada qalan oyunların heç birində optimal heyətlə mübarizə apara bilməmişik. Bəzi futbolçularımız zədəli, cəzalı olduqlarına görə, oyunları buraxmalı olublar. Əvəzində hamıya özünü göstərməsi üçün şans verdik. Qarşıdakı oyunda da yenilərə nəyə qadir olmalarını göstərmələri üçün imkan yaradacağıq.

- Bəs komanda haqda fikriniz necədir? Bu heyətlə qarşıdakı mövsümdə hansı məqsəd uğrunda mübarizə aparmaq mümkündür?
- Əgər ilk “altılıq” haqda danışırıqsa, bu həmin futbolçulardır ki, bu gün ilk “altılıq”dan kənarda qalıblar. Ona görə də heyəti gücləndirməliyik. 15-16 futbolçudan ibarət heyətdə güclü rəqabət ola bilməz.

- Son oyunlarda optimal heyətlə meydana çıxa bilmədiyinizi deyirsiniz. Amma ona yaxın bir “11-lik”lə oynasanız da, 5 oyunun cəmi birində qələbə qazanmısınız...
- Mənim üçün istədiyim nəticədir. Komandanın oyunu daha vacibdir. Tablodakı rəqəmlər məni maraqlandırmır. Viktor İqbekoyi, Cahangir Həsənzadə, Aqil Nəbiyev müxtəlif səbəblərdən meydana çıxa bilmir. Tales Şüts yalnız sonuncu oyunda bizə kömək etdi. Mənsur Limani iki aydır ki, komanda ilə birgə deyil. Təbii ki, qələbə qazanmaq istəyirik. Amma neynəyək ki, nəticə belə alındı. Nəzərə almaq lazımdır ki, mövsümün sonudur, futbolçularda yorğunluq var, həm də səviyyə bundan artığına imkan vermir.

- Bu günlərdə klubdaxili iclas keçirilməli və komandadan göndəriləcək futbolçuların adları dəqiqləşməli idi...
- İclas “Turan”la oyundan sonra baş tutacaq. Komanda üzvlərini istirahətə buraxacağıq. Uşaqların hamısına qalmalarını istədiyimi söyləmişəm. Rəqabətə davamlı heyət formalaşdırmaq istəyirik. Bizim yollarımızı ayırmaq istədiyimiz futbolçu yoxdur. Amma bizi tərk edən futbolçular olacaq. Bəzilərinin müqaviləsi başa çatıb. Onlardan artıq Tales Şütsun sıralarımızdan ayrılacağı dəqiqləşib. O, özü getmək istəyir.

- Yeri gəlmişkən, Şütsdən başqa, Benohir Zohairin də sıralarınızı tərk edəcəyi və ərəb klublarından birinə keçəcəyi deyilir. Bu, həqiqətdirmi?
- Getmək istəyən futbolçuların hər birinə uğurlar arzulayırıq. Necə deyərlər, qalarsan qadan alaram, gedərsən yola salaram. Hələlik Şütsun gedəcəyi dəqiqləşib və onun hansı kluba keçdiyini bilmirəm. Qalanları haqda deyilənlər isə həqiqəti əks etdirmir.

- Bəs kimlərlə danışıq aparırsız? Mətbuatda bir neçə futbolçunun adı AZAL-la birgə hallandırılır...
- Mətbuatın yazdığına inansaq, bütün Azərbaycanı yığacağıq. Siyahıda yer alan futbolçuların bəziləri ilə danışıq apardığımız həqiqətdir. Ancaq inciməyin, indidən ad açıqlamaq istəmirəm. Çünki rəsmi müqavilə imzalanmayıb. Yalnız Yasin Abbasovun keçidinin həll olunmaq üzrə olduğunu deyə bilərəm. Onunla 3 illik müqavilə imzalayacağıq. Məsələ həll olmaq üzrədir.

- Hazırkı büdcəniz gələn mövsüm üçün istədiyiniz heyəti formalaşdırmağa imkan verirmi?
- Büdcəmiz çox deyil, amma sabitdir. Bu büdcə ilə ötən il komanda Avropa Liqasına vəsiqə qazanıb. Biz bunu niyə reallaşdırmayaq?

- Belarusa səfəriniz nə vaxt baş tutacaq?
- Səfərlə bağlı müəyyən problemlər yaranıb. Təyyarə reysləri üst-üstə düşmür. Məqsədim mayın 20-də Belarus kubokunun final matçını, 8 gün sonra isə Avstriyada keçiriləcək Ukrayna – Estoniya yığmalarının oyununu izləməkdir. Bir müddət əvvəl Gürcüstana da səfər etmişdim. Hazırda xeyli sayda futbolçunun siyahısı ortaya çıxıb. Heyətə cəlb edəcəyimiz futbolçunu yoxladıqdan sonra komandaya cəlb edəcəyik.

- Mövsümlərarası hazırlıq planınız hazırdırmı?
- Hazırlığın birinci mərhələsini Bakıda keçirəcəyik. İyunun 11-də seleksiya xarakterli toplanış olacaq. Ayın 18-də isə komandanın oyunçuları, eləcə də seleksiya zamanı bəyənəcəyimiz futbolçuların iştirakı ilə təlim-məşq toplanışına start verəcəyik. Bakıdakı 10 günlük hazırlıq prosesinin ardından Türkiyəyə yollanacağıq. İki həftə Boluda toplanış keçirəcəyik. Bu proses başa çatdıqdan sonra futbolçulara 3 günlük istirahət verəcəyik. Hazırlığın növbəti mərhələsini Avropa ölkələrinin birində reallaşdıracağıq. İki həftə çəkəcək hazırlıq zamanı əsasən yoldaşlıq oyunları keçirəcəyik. Avqustun əvvəlində Bakıya dönəcəyik və məşqlərimizi burada həyata keçirəcəyik.