“Xəzər Lənkəran” “Qarabağ”ın Avropa seriyasına çatdı
12.05.2012 - 16:10
“Xəzər Lənkəran” “Qarabağ”ın Avropa seriyasına çatdı
“Qarabağ”ın avrokuboklarla bağlı seriyası qırıldı. Apasport.az saytının məlumatına görə, son 3 ildə dalbadal qitə miqyaslı turnirdə ölkəmizi təmsil edən Ağdam klubu bu dəfə kənarda qaldı. Arxada qalan bu 3 ildə avrokuboklarda ən layiqli təmsilçimiz olan Qurban Qurbanovun çalışdırdığı komanda əvvəlcə ölkə kubokunun qalibi, sonra isə 2 dəfə çempionatımızın bürünc medalçısı kimi Avroliqaya vəsiqə qazanmışdı. Qurbanovun “Qarabağ”da işlədiyi 4 ildə ilk dəfə mükafatçı olmamağı Avropaya gedən yolu bağladı.

Ağdam klubunu 3-cü olmaqdan məhrum edən “İnter” 2 illik fasilədən sonra qitə miqyasında oynayacaq. “Bankirlər” indiyə kimi 2 dəfə Çempionlar Liqasında, 1 dəfə Avroliqada oynayıb. Komanda bunun son ikisini etdiyi hazırkı gürcü baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi altında mərhələ adlaya bilməyib. “İnter” avrokuboklarda debütü zamanı ukraynalı sabiq baş məşqçisi Valentin Xodukinin rəhbərliyi altında Çempionlar Liqasında 1 mərhələ keçib.

Avrokuboklarda budəfəki təmsilçilərimizdən “Xəzər Lənkəran” “Qarabağ” seriyasına çatıb. Belə ki, Lənkəran klubu ardıcıl 3-cü dəfə ölkəmizi qitə miqyasında təmsil edərək, yenə Avroliqada oynayacaq. Cənublular indiyə kimi Çempionlar Liqası, UEFA kubokunda da oynasa da, mərhələ keçməyib, qalib gələ bilməyib.

Avropaya ilk vəsiqəni qazanan isə Azərbaycan kubokunun finalçıları “Neftçi” ilə “Bakı” oldu. “Ağ-qaralar” ardıcıl 2-ci il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Avrokuboklarda ən çox təmsilçimiz olan “Neftçi” eyni zamanda ən nüfuzlu turnirdə debütantımızdır. Yeri gəlmişkən, avrokuboklara çıxmaq seriyasında rekordçumuz məhz hazırkı çempiondur. Belə ki, “Neftçi” 1999-2005-ci illərdə ardıcıl 5 dəfə qitə miqyaslı turnirə vəsiqə qazanıb. 2 ildən sonra yenə Avroliqada çıxış edəcək “Bakı” bundan əvvəl UEFA kuboku adlanan turnirdə də mərhələ adlamasa da, Çempionlar Liqasında yeganə cəhdində buna nail olub.

Qeyd edək ki, “Qarabağ” avrokuboklarda ilk mərhələ adlayan klubumuz olub. Bu, 1999-cu ildə artıq tarixin yaddaşına köçən İntertoto kubokunda Hayfa “Makkabi”si ilə dueldə (səfərdə 2:1, evdə 0:1) reallaşıb.

Mehman SÜLEYMANOV