Maksim Medvedev: Necə deyərlər, artıq qatar gedib
13.05.2012 - 09:26
Maksim Medvedev: Necə deyərlər, artıq qatar gedib
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibəsi

- Uğursuz finiş çoxları üçün gözlənilməz oldu. Bunu nə ilə izah edə bilərsiniz?
- Açığı “Xəzər Lənkəran”a 1:4 hesabı ilə yeniləcəyimizi gözləmirdik. Çünki bu oyunöncəsi vəziyyət elə idi ki, biz mütləq qələbə qazanmalı idik. Başlanğıcda buna nail olmağa çalışdıq. Amma rəqib həqiqətən də yaxşı oyun nümayiş etdirdi və bizi üstələdi. Bunun nəticəsi olaraq ilk yarımsaatın tamamında artıq rəqib 3:0 hesabı ilə öndə idi. Qolları öz səhvimizdən buraxdıq. Bu hesabı lehimizə dəyişmək çox çətin idi. Fasilədə uşaqlar toparlanmağa çalışdı. Ancaq artıq gec idi.

- Oyunu izləyənlər sanki meydana həvəssiz çıxdığınızı düşünürdülər. Mövsümün sonu olduğundan yorğunluq var idimi?
- Səbəblər çoxdur. Mövsümün son oyunu idi. Qol buraxmamaq üçün ehtiyatlı oynayırdıq. Düşünürdük ki, yol tapıb qol vuracağıq. Ancaq alınmadı. Üstəlik yorğunluq da var idi..

- Son üç ildə avrokuboklarda azarkeşlərin üzünü ancaq “Qarabağ” güldürürdü. Qitəmiqyaslı yarışlardan kənarda qalmaq çətin deyil?
- Həqiqətən də komandada yorğunluq var. Bu il avrokuboklarda çıxış etməyəcəyimizə görə, yaxşı dincələcəyik. Digər təmsilçilərimizə uğurlar arzulayıram. İnanıram ki, onlar mərhələlər adlamaqla bizləri sevindirəcəklər.

- Maraqlıdır ki, Avropanın aparıcı futbol ölkələrində klublar bizdən çox oyun keçirirlər. Amma niyəsə onlar heç vaxt yorğunluqdan şikayət etmirlər. Lakin bizim futbolçular elə də sürətli oyunlarda iştirak etməmələrinə rəğmən hər dəfə yorğun olduqlarını qabardırlar. Bunu necə başa düşək?
- Nə bilim, izah etməkdə çətinlik çəkirəm.

- Fakt odur ki, bizdə gəzə-gəzə futbol oynayırlar...
- “Qarabağ” elə komandadır ki, gəzən gəzir, qaçan qaçəır. Xarici ölkələrdə komandalar oyuna təyyarə ilə yollanır. Bizi kimi saatlarla avtobusla yol qət etmirlər. Fiziki yorğunluq olmasa da, psixoloji cəhətdən yorğunluq var.

- Rəşad Sadioqvun gedişinin təsiri ola bilərmi?
- Əlbəttə, təsiri oldu. Hamımız onun qalmasını istəyirdi. Ancaq Rəşad öz yolunu belə seçdi. Əksəriyyət bilirdi ki, o “Neftçi”yə keçəcək. Ancaq mövsüm başa çatdıqdan sonra açıqlama versəydi yaxşı olardı. Mediyaya tez açıqlama verdi. Ona karyerasında uğrular arzulayırıq.

- FİFA-nın qaydaların uyğun olaraq futbolçu müqaviləsinin bitməsinə 6 ay qalmış başqa klubla danışıq apara bilər. Niyəsə “Qarabağ” Sadiqovun bu addımında hansısa pozuntu olmasına rəğmən, narazılığını hər addımda qabardır...
- Mən bunu normal qarşılayıram. Bəziləri bunu şişirdır, hansısa mənfi nüanslar axtarır. Futbolçu seçim edərkən ailə vəziyyətini də nəzərə alır. İndi Rəşad belə qərar verib və hörmətlə yanaşmaq lazımdır.

- “Qarabağ”ın əksər klublarına digər komandalardan təkliflər var. Sizi necə heyətində görmək istəyən varmı?
- Ad çəkməyəcəm, təklif var. Ancaq hələ “Qarabağ”la müqaviləm var və bu komandanın üzvüyəm. Daha bir il oynadıqdan sonra seçimimizi edəcəyik. Karyeramı xaricdə davam etdirmək istəyirəm. Eyni komandada çox qalmaq adamı bezdirir. Yeni ortam axtarırsan. Şərait yaxşı olsa, “Qarabağ”da da qala bilərəm. Amma həqiqətən də özümü ölkə xaricində sınamaq istəyirəm.