“Belarus futbolunda Azərbaycan və Qazaxıstanda olan pul yoxdur”
14.05.2012 - 12:03
“Belarus futbolunda Azərbaycan və Qazaxıstanda olan pul yoxdur”
“Simurq”da Andrey Rubin və Robertas Poşkus kimi futbolçularla oynadım. Öz işlərini əla bilən futbolçulardır. Onlardan çox şey “oğurlayıb”, götürmək olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun sabiq futbolçusu Yevgeni Şmakov deyib.

Hazırda Qazaxıstanın “Kaysar” klubunda forma geyinən yarımmüdafiəçi həmin ölkədə verdiyi müsahibəsində Azərbaycan karyerasına da toxunub: “Şadam ki, mənə bu futbolçularla birlikdə oynamaq nəsib oldu. Ötən il “Simurq”da yaxşı səviyyəyə malik kifayət qədər yaxşı futbolçu var idi. Təəssüflənirəm ki, bu futbolçularla Azərbaycan çempionatında yaxşı nəticə göstərə bilmədik”.

Ukraynalı futbolçu legioner həyatı yaşadığı ölkələri müqayisə edib: “Belarus futbolunda Azərbaycan və Qazaxıstandakı qədər pul yoxdur. Buna baxmayaraq, Belarus futbolçuları və klubları onlardan geri qalmır. Hərçənd, digər 2 ölkənin klubları yüksək ödənişli legionerlərin transferini gerçəkləşdirə bilər. Bu, yalnız çempionatın güclənməsinə xidmət edir”.

Şmakov ölkəmizdən problemsiz ayrıldığını da qeyd edib: “Simurq”dan ayrılmağımın təfərrüatına varmaq istəmirəm. Təkcə onu deyim ki, orda məsələnin xırda nüansları var idi. Lakin son nəticədə Azərbaycan klubu ilə xoşluqla ayrıldıq. Sergey Yuran rəhbərliyi altında oynadığım ən yaxşı mütəxəssislərdən biridir. Onunla çalışmaq çox xoşdur. Yuran öz işində Moskva “Spartak”ı və Kiyev “Dinamo”su məktəblərinin prinsiplərindən istifadə edir. “Simurq”da fiziki hazırlığı “Dinamo”, oyunu isə “Spartak” üslubunda aparırdı. O, məşqlərdə bizə başa salırdı ki, oynamaqdan zövq almalıyıq, ağır iş kimi baxmamalıyıq. Yuranın dediyi bu sözləri heç vaxt unutmayacağam”.