Yuri Fomenkonu hansı klublar istəyir?
14.05.2012 - 23:03
Yuri Fomenkonu hansı klublar istəyir?
“Hazırda baş məşqçi ilə siyahı hazırlayırıq. Təbii ki, komandadan göndərilən futbolçular olacaq. Artıq onlardan ikisinin adını dəqiqləşib”. Bu sözləri apasport.az saytına “Kəpəz” klubunun prezidenti Elmir Əliyev deyib.

Başa çatan mövsümdə daha çox baş məşqçi dəyişiklikləri ilə yadda qalan Gəncə təmsilçisi uğursuz çıxış nəticəsində finişə 10-cu pillədə çatdı. Məqsədə nail olmayan klub rəhbərliyi heyətdə dəyişiklik etmək niyyətindədir: “Dmitri Parxaçovla İon Arabaçı artıq “Kəpəz”in oyunçuları deyil. Onlarla yollarımızı ayrımışıq. Digər göndəriləcək futbolçular haqda isə yaxın günlərdə açıqlama veriləcək”.
Uğursuz çıxışa rəğmən, əyalət təmsilçisinin bir neçə oyunçusu digər klubların transfer siyahısında yer alıb. Onlardan biri də Fomenkodur. Klub prezidenti hücumçunun müştərilərinin çoxluq təşkil etdiyini gizlətməyib: “Fomenkonu Azərbaycanın bütün klubu istəyir. Biz də onun qalmasında maraqlıyıq. Amma futbolçunun klubumuzla müqaviləsi başa çatıb”.
Əliyev ukraynalı forvardla bir müddətəvvəl danışığa başladıqlarını da deyib: “Özü ilə danışmışıq, Gəncədə qalmaq istəyir. Bəzi nüanslar var ki, onu həll etməliyik”.

Təbii ki, bəzi nüans deyərkən burda söhbət maliyyədən gedir. Heç klub rəhbəri bunu gizlətməyə ehtiyac duymadı: “Bəli, ora maliyyə ilə bağlı məsələlər də daxildir”.