Fatih Kavlak: Baş məşqçi postunda qalsam...
15.05.2012 - 11:22
Fatih Kavlak: Baş məşqçi postunda qalsam...
“Baş menecerimiz Zaur Əzizovla mütəmadi əlaqə saxlayıram. Komandada qalıb-qalmayacağım 1-2 günə dəqiqləşəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun türkiyəli baş məşqçisi Fatih Kavlak deyib.

Başa çatan çempionatı 5-ci pillədə başa vurmaqla, avrokuboklardan kənarda qalan əyalət komandasında baş məşqçi məsələsi hələlik açıq qalıb.

Hər şeyi rəhbərliyin öhdəsinə buraxan türkiyəli çalışdırıcı isə qarşıdakı günlərdə çıxarılacaq qərarı gözləyir: “Fikrimcə, rəhbərlik ən düzgün qərarı verəcək. Hər halda, ötən mövsüm çətin vaxtda baş məşqçi postunu mənə etibar etdilər. İndi də gələcək taleyimi müəyyənləşdirəcəklər”.

Kavlakın sözlərinə görə, vətənində istirahətdə olsa belə, boş dayanmır. Hazırda Ankarada olan gənc mütəxəssis bildirib ki, rəhbərliyin qərarına hazır olmaq üçün müəyyən işlər görür: “Əgər məni postumda saxlasalar, təlim-məşq toplanışı, heyətlə bağlı işləri görmək lazımdır. Mən də mümkün müsbət cavab halında, buna hazır olmalıyam. Əslində, planlar bir müddətdir hazırdır və rəhbərliyə açıqlamışam. Baş məşqçi postunda qalsam, növbəti mövsümə hazırlıq məqsədilə Qəbələdə bir araya gələcəyik. Bundan sonra xaricdə təlim-məşq toplanışı keçmək, yoxlama oyunları nəzərdə tutulub. Ancaq bunların yeri, tarixləri sonradan dəqiqləşəcək”.