Fariz Nəcəfov: Hər ikisi alınsa, lap yaxşı olar - MÜSAHİBƏ
15.05.2012 - 16:57
Fariz Nəcəfov: Hər ikisi alınsa, lap yaxşı olar  - MÜSAHİBƏ
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

- Arxada qalan mövsümü necə dəyərləndirirsiniz?
- Komandanın çıxışı daha yaxşı ola bilərdi. Bildiyiniz kimi mövsümün gedişində baş məşqçi dəyişikliyi oldu. Həmin vaxta qədər komanda xeyli xal itirmişdi. Düzdür, sonradan avrokuboklar uğrunda mübarizəyə qoşulduq. Ancaq sona yaxın şansımızı itirdik.

- Mövsümün əvvəlində qarşıya avrokuboklara çıxmaq vəzifəsi qoyulmuşdu...
- Dediyim kimi, komandada baş məşqçi dəyişikliyi oldu.

- Belə çıxır ki, baş məşqçi Fatih Kavlakın işindən razı qalmısınız...
- Bəli, onun işindən razıyıq.

- Türkiyəli mütəxəssis baş məşqçi postunda işinə davam edəcək?
- Bəli. Komandanın prezidenti Tale Heydərovla görüşdüm. Baş məşqçi məsələsini həll etdik və Kavlak növbəti mövsümdə də postunda çalışacaq.

- Mövsüm başa çatmamış 4 futbolçu ilə yollarınızı ayırdınız. Pavel Doroşev, Lyubo Baranin, Abdulkader Kamara və Veselijko Trivunoviçdən başqa komandanı tərk edən olacaq?
- Buna baş məşqçi qərar verəcək. Məncə gedən oyunçular yenə olacaq.

- Bəs Mahir Şükürov?
- Mahir Şükürov da gedənlərin arasındadır.

- Onunla ötən yay 2 illik müqavilə bağlamışdınız...
- Onunla müqaviləni qarşılıqlı şəkildə pozduq.

- Komandanın yeni transferləri ilə bağlı nə deyə bilərsiniz? Onlardan məlum olanı var?
- Hələ yox. Bu istiqamətdə axtarışlarımız davam edir.

- Növbəti mövsümdə “Qəbələ”nin hədəfi nə olacaq?
- Çempionluq və kubok. Bununla da, avrokuboklara vəsiqə.

- Yəni, “Qızıl dubl” etmək?
- Çempionluq üçün mübarizə aparacağıq. Bu olmasa da, kuboku götürməyə çalışacağıq. Hər ikisi alınsa, lap yaxşı olar.